Kişilərdən ibarət cüdo yığmamızın Tokio Olimpiadasında fiaskoya uğraması federasiya rəhbərliyini qəti addımlar atmağa sövq etdi.
Srağagün Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında keçirilən iclasda yığmanın məşqçilər heyəti istefaya göndərildi.
Baş məşqçi Ruslan Maşurenko Bakıda olmadığından, köməkçisi, istefaya göndərilən Elxan Məmmədovdan başverənlərə münasibət bildirməsini istədik:
“Nə etmək olar, belə alındı. Nəticəyə cavabdehlik daşıyan baş məşqçi var. Yəqin ki, Ruslan Maşurenko Bakıya gəlib hesabat təqdim edəcək. “Köməkçi kimi məsuliyyət hiss edirəm” sualına gəlincə, millidə işlədiyimiz 2 ildə Avropa çempionatından 8, dünya çempionatından 4 medal gətirmişik. Kişilər arasında Olimpiadaya 7 lisenziya qazanılmışdı ki, bu günə kimi Azərbaycanın cüdo tarixində belə şey olmamışdı. Olimpiada fərqli turnirdi. Ola bilsin, püşktama zamanı cüdoçularımız ağır qruplara düşdülər və bu da psixoloji cəhətdən onlara təsir göstərdi. Olimpiadaya hazırlıqla bağlı heç bir problemlə üzləşmədik. Təlim-məşq toplanışları vaxtında təşkil olundu, federasiya rəhbərliyi lazım olan hər şeyi etdi. Yığmadan uzaqlaşdırılmağımıza gəlincə, rəhbərlik belə qərar veribsə, mən nə deyə bilərəm”.
RƏŞAD