“Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə bu gün “Bakclel Arena”da qarşılaşacaq.
Ötən gün baş tutan püşkatmada flaqmanın turu keçəcəyi halda növbəti rəqibinin Türkiyənin “Fənərbaxça” klubu olacağı bəlli olub. Həm “ağ-qaralar”ın, həm də qardaş ölkə təmsilçisinin ölkəmizdə yetərincə azarkeşi var. Nəzərə alaq ki, Operativ Qərargah avrokubok görüşlərində 50 faiz azarkeşin iştirakına icazə verib. Təbii ki, “Neftçi” HİK-i keçib, “Fənərbaxça”nı Bakıya gətirəcəyi təqdirdə oyuna maraq çox olacaq.
Xatırlayırsızsa, ötən mövsüm də Avropa Liqasının 2-ci təsnifat mərhələsində flaqmanın “Qalatasaray”la qarşılaşması eyni səbəbdən Bakı Olimpiya Stadionunda (BOS) keçirilmişdi. Bu dəfə də elə olmaq ehtimalı varmı? AÇ-2020-nin 4 görüşünə evsahibliyi edən arena “Neftçi”nin müraciəti təqdirində bu qarşılaşmanı keçirmək potensialındadı? Təşkilatçılıq baxımından hansısa problem olmayacaq?
Suallarımızı BOS-un İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Fərid Əsədzadəyə ünvanladıq:
“Neftçi” müraciət etsə, lazımi tədbirləri görəcəyik. Ötən il də təmsilçimiz bizə “Qalatasaray”la oyun üçün müraciət etmişdi. Bu istəyi qarşılaşmaya 4-5 gün qalmış bildirmişdilər. Həmin vaxt belə matçın BOS-da keçirilməsi üçün lazımi şəraiti yaratdıq. Bilirsiz ki, oyuna hazırlaşmaq asan proses deyil. Amma biz çox qısa zaman kəsiyində əlimizdən gələnin ən yaxşısını etdik ki, hər şey ideal vəziyyətdə olsun. Yenə müraciət olunarsa, nəinki “Neftçi”yə, bütün klublarımıza kömək göstərərik. Bizdə proses elədi ki, hər qarşılaşmadan sonra stadionda digər matç üçün işlər görülür. BOS-da “Neftçi”nin oyunu keçirilsə də, keçirilməsə də, sentyabrın 7-də Azərbaycan – Portuqaliya görüşü baş tutacaq. Bunun üçün də hər sahədə hazırlıq işləri görülür. Təqvimə baxmışıq. “Neftçi”- “Fənərbaxça” qarşılaşması avqustun 26-na təsadüf edəcək. Oyun bizim stadionda baş tutsa, bütün lazımi işlər o tarixə kimi yekunlaşacaq. Hava şəraiti də nəzərə alınıb. BOS-un ot örtüyü hibrid olduğundan qızmar temperatura belə davam gətirə bilir. Bu da bizim işimizi asanlaşdırır”.
SƏNƏM FƏRHADOVA