''Fənərbaxça'' və Türkiyə yığmasının qapıçısı Altay Bayındıra Avropa klublarının marağı davam edir.
Daha öncə ''Tottenhem'' və ''Ayaks''ın maraq göstərdiyi 23 yaşlı qapıçı üçün ''İnter''dən rəsmi təklif gəlib. 37 yaşlı Samir Handanoviçlə rəqabət apara biləcək bir əlcək sahibi axtaran İtaliya çempionu hələ iyulun 16-da ''Fənər''ə rəsmi məlumat göndərərək Bayındır üçün danışıqlara başlamaq istədiyini göstərmişdi. Bu günlərdə isə məlum olub ki, ''İnter'' Altaya görə istanbullulara 10,5 milyon avro təklif edib! ''Fənərbaxça'' rəhbərliyi bu məbləğin az olduğuna qərar verərək qarşı tərəfdən məbləği bir qədər artırmağı tələb edib. Əslində istedadlı qapıçı ''Fənər''dən çempion olmadan ayrılmaq istəmir. Başqan Əli Koç da daha öncə verdiyi açıqlamada astronomik təklif gəlməyəcəyi halda Altayı satmayacaqlarını qeyd etmişdi.
Xatırladaq ki, ''sarı-lacivərdlilər'' bu qapıçını 2019-un yayında ''Ankaragücü''dən 1,5 milyon avroya transfer edib. Altay ötən mövsüm superliqada 33 oyuna çıxaraq 31 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.