Arsen Venger böyük futbola qayıda bilər.
Belə ki, ''Blick'' nəşrinin yazdığına inansaq, İsveçrə yığmasının başına keçməyə əsas namizədlərdən biri məhz ünlü fransalı mütəxəssisdi.
Nəşrin məlumatına görə, İsveçrə Futbol Federasiyası 71 yaşlı çalışdırıcı ilə qısamüddətli müqavilə imzalamaq istəyir. Vengerin qarşısına qoyulan əsas hədəf yığmanı DÇ-2022-yə çıxarmaq olacaq. Bilindiyi kimi, 2014-cü ildən bu komandanı çalışdıran və son AÇ-də bu isveçrəliləri ¼ finala daşıyan Vladimir Petkoviç bir neçə gün öncə vəzifəsindən ayrılaraq Fransa təmsilçisi ''Bordo''nun başına keçib.
Maraqlıdı ki, İsveçrə 26 il öncə - 1995-də də Vengerə təklif irəli sürmüşdü. Amma həmin vaxt fransalı çalışdırdığı Yaponiya təmsilçisi ''Naqoya Qrampus''la müqaviləsini birtərəfli şəkildə ləğv etmək istəmədiyi üçün bu təyinat baş tutmamışdı. Venger həmin hadisədən bir il sonra ''Arsenal''ın başına keçərək adını klubun tarixinə yazdırmış və 22 illik fəaliyyəti dönəmində londonlularla bir çox uğurlar əldə etmişdi.
2018-də ''Arsenal''dan ayrıldıqdan bu yana heç bir klubu çalışdırmayan Venger hazırda FIFA-da futbolun qlobal inkişafı şöbəsində işləyir.