''Qalatasaray'' Aleksandru Çikıldaunun ardından daha bir rumıniyalı futbolçuya göz qoyub.
Söhbət FKSB-nin yarımmüdafiəçisi Olimpiu Morutandan gedir. Bir neçə gün öncə Fatih Terim bu futbolçunun oyununu bəyəndiyini qeyd etmişdi. Dünən italiyalı jurnalist Nikola Skira tərəflərin beşillik anlaşma əldə etdiyini yazıb. Daha sonra isə FKSB-nin prezidenti Cici Bekali Rumıniya mətbuatına açıqlamasında bunları deyib:
''Morutanın transferi 99 faiz tamamlanıb. ''Qalatasaray''dan 10 milyon avro istədim. Əvvəlcə 8, sonra 9 milyon avro təklif etdilər. 10 milyondan aşağı düşməyəcəyimi dedim və sonda razılaşdılar. 1-2 günə təklif göndərəcəklər''. Amma Bekalinin bu sözlərindən sonra ''Qalatasaray''ın prezidenti Burak Elmas ''maddi məsələlər üzündən Morutanla bağlı heç bir təklifimiz olmayacaq''.
1999-cu il təvəllüdlü Morutan Rumıniyada yeni Haci kimi qələmə verilir. Karyerasına ''Universitatya''da başlayan yarımmüdafiəçi 2016-da ''Botoşani''yə keçdikdən sonra burda iki mövsüm ərzində sərgilədiyi oyunla diqqət çəkdi və 700 min avroya Buxarest nəhənginə transfer olundu. 173 sm boya malik olan Morutan indiyə qədər FKSB-də meydana çıxdığı 104 rəsmi oyunda 14 qol, 30 məhsuldar ötürməylə yadda qalıb. Yarımmüdafiənin həm mərkəzində, həm də cinahlarında oynamağı bacaran bu futbolçu Rumıniyanın gənclər yığmasının üzvüdü. Sentyabrda DÇ-nin seçmə mərhələ oyunlarında onun əsas yığmada debüt edəcəyi gözlənilir. Morutanın FKSB ilə 2023-cü ilə qədər müqaviləsi var.