Cümə axşamı Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçirildi.
Ölkəmizi turnirdə təmsil edən klublar da meydana çıxdılar. “Qarabağ” “Aşdod”un qonağı oldu. Gərgin keçən matçın serbiyalı baş hakimi Novak Simoviç iki epizodda “sarı” verə biləcəyi halda, oyunçularımızı bağışlayıb. Bunu biz yox, sabiq FİFA referisi Əfqan Həmzəyev deyir:
“Hakim və briqadası matçın öhdəsindən layiqincə gəldilər. Qlobal problem yaşanmadı. Verdiyi qərarlar və vərəqələr tam haqlı idi. Hətta deyərdim ki, iki “sarı” göstərmədi. Hər ikisi bizim komandanın futbolçularına verilə bilərdi. İkinci hissənin ortalarında İsmayıl İbrahimliyə vərəqə verməliydi. Topsuz rəqibə zərbə endirmişdi. “Aşdod”un baş məşqçisi epizodun yaxınlığında idi və hakimə sərt etirazını bildirdi. Ədalət təmsilçisi isə baş məşqçiyə “sarı” göstərdi. Kevin Medina da 2-ci dəfə rəsmi xəbərdarlıq almalı idi. Lakin ona da vərəqə verilmədi. Hesab edirəm ki, hakimin mövqeyi düz deyildi, epizodu görmədi. Bu da sırf hava şəraiti ilə bağlıdı. 37 dərəcə istidə 90 dəqiqə qaçmaq asan deyil. Statistikaya baxsaq, hakim oyunçulardan çox qaçır və belə havada bunu etmək çox çətindi. Öz təcrübəmdən deyirəm. Hakim bunun öhdəsindən gələ bildi. Oyundankənar vəziyyətləri də düzgün gördülər. Bir-iki xırda epizodu çıxmaqla bütün qərarları doğru idi. Referi həmişə köməkçilərini görürdü. Topu qarşısına alırdı. Hakim epizodun yanındadı, lakin düzgün qiymətləndirmirsə, hakim-inspektor onu bağışlayır. Epizoddan uzaq olub, düz qərar versən, hakim-inspektor deyir ki, “sən epizodu görmədin, necə düz qərar verə bilərsən?” Bu görüşün hakimi də bütün epizodlara yaxın idi. Hakim-inspektor olsaydım, hakimə 8.4 bal verərdim”.
İSMAYIL XEYRULLAYEV