
''Beşiktaş'' Aleksi İstanbula gətirir
Yeni mövsümdə Çempionlar Liqasının qrup mərhələsində oynayacağı üçün heyəti gücləndirmək istəyən ''Beşiktaş''la bağlı növbəti transfer xəbəri var.
"Football-plus.az"ın məlumatına görə, Valentin Rozyenin transferini bitirən və Rəşid Gezzalın məsələsini də həll etmək üzrə olan ''Qartal'' yarımmüdafiəni gücləndirmək niyyətindədi. Türkiyə mətbuatının yazdığına görə, uzun müddətdi Aleks Teyşeyrayla danışıqlar aparan İstanbul nəhəngi nəhayət, ki, bu futbolçuyla anlaşmağa müvəffəq olub. Deyilənə görə, 31 yaşlı futbolçu ilə ''2+1'' illik razılıq əldə olunub. Yeganə problem imza parasıyla bağlıdı. Bu məsələdə də razılıq əldə olunacağı halda Teyşeyra önümüzdəki həftə müqaviləyə imza atmaq üçün İstanbula gələcək. Bu arada braziliyalıdan fanatları həyəcanlandıran daha bir açıqlama gəlib. ''Beşiktaş''ın digər braziliyalısı Jozef De Souza ''instaqram''dakı son paylaşımına həyat yoldaşı ilə şəklini yerləşdirib və ''come to Beşiktaş'' sözünü yazıb. Teyşeyra isə həmin paylaşımın şərh hissəsinə ''yaxınlarda gələcəm, qardaşım'' yazmaqla ''Beşiktaş''a keçməyə yaxın olduğunu göstərib.
Xatırladaq ki, bu transferin baş tutmasında Jozefin də böyük rolu olub. Təcrübəli yarımmüdafiəçi son dönəmlərdə bir neçə dəfə öz həmyerlisi ilə görüşərək onu ''Qartal''a keçməyə razı salmağa çalışıb. Ulduzu ''Şaxtyor''da parlayan Aleks Teyşeyra 2016-dan bu yana Çin təmsilçisi ''Tszyansu Suninq''in şərəfini qoruyurdu. Bu klub Teyşeyra görə 50 milyon avro ödəmişdi. Amma təcrübəli oyun qurucusu hazırda azad agent statusundadı.