“Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-lə üz-üzə gələcək.
"Malmö”yə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə 3:4 uduzan komanda mübarizəni Avropanın 2-ci dərəcəli klub turnirində davam etdirəcək.
HİK-in fin dilində adı “Helsingin Jalkapalloklubi”di. Mənası “Helsinkinin futbol klubu” deməkdi. Əsası 1907-ci ildə qoyulub. Finlandiyanın ən köklü klubu sayılır. Hazırda 10770 yerlik “Bolt” arenasında çıxış edir. Komandanın baş məşqçisi Toni Koskeladı. Yerli mütəxəssis 2019-cu ildən burda çalışır. 38 yaşlı məşqçinin o qədər də güclü futbolçu karyerası olmayıb. Çıxış etdiyi ən məşhur klub Norveç “Molde”si olub. Baş məşqçi kimi “Rops”da 1 mövsüm uğurlu nəticə göstərdikdən sonra əvvəllər 19 yaşlılardan ibarət komandasında çalışdırıcı işlədiyi HİK-ə qayıdıb.
Kluba hazırda Olli-Pekka Lyitikaynen rəhbərlik edir. O, “A-lehti” şirkətinin rəhbəridi. Olli-Pekkanın atası Olli də bu klubun prezidenti olub. Komanda hazırda davam edən ölkə çempionatında vahid liderdi. 12 komandalı çempionatda 13 oyundan sonra 34 xal toplayıblar. Komandanın heyətində 26 futbolçu var ki, onlardan 10-u legionerdi. Klubun büdcəsi 5,6 milyon avrodu. Ən dəyərli futbolçusu finlandiyalı Daniel O’Şeqnessidi. 26 yaşlı mərkəz müdafiəçisinin qiyməti 450 min avrodu.
HİK-in heyətində ən təhlükəli futbolçu yeni transfer Filip Valençiçdi. O, komandasının heyətində 23 qarşılaşmada 10 qol vurub, 7 ötürmə edib. Sloveniyalı futbolçu Turku “İnter”indən 600 min avro qarşılığında transfer olunub.
HİK Finlandiyanın futbol flaqmanıdı. Komanda 30 dəfə ölkə çempionu olub Bu, Finlandiya tarixində ən yüksək göstəricidi. 14 dəfə ölkə kubokuna, 5 dəfə Superkuboka yiyələniblər. Finlandiyanın Çempionlar Liqasının qrup mərhələsində iştirak edən yeganə təmsilçisidi. 1998-ci ildə bu turnirin pley-offunda “Mets”i mübarizədən kənarlaşdıran “göy-ağlar” avrokuboklarda tarixinin ən böyük uğurunu əldə edib. 2014/15 mövsümündə HİK bu uğuru yenidən təkrarlaya bilərdi. Lakin pley-offda “Rapid”ə uduzaraq Avropa Liqasında iştirak hüququna yiyələniblər. Komandanın azarkeşləri millətçilərdi. Əsasən Helsinkinin orta təbəqəsinin nümayəndələri HİK-ə dəstək olur. Klub fəalliyyət göstərdiyi ilk illərdə özləri üçün liqa yaratmışdılar. Bu çempionat Finlandiya İşçi İdman Federasiyası adı altında fəalliyət göstərirdi. Bu addımın atılmasının da səbəbi var idi. HİK azarkeşləri özlərini solçu işçilərin klubu adlandırırdılar. 1970-ci ildə HİK Helsinkinin mərkəzi qəsəbəsi olan Töölannda məskunlaşdı. Bundan sonra komandaya şəhərin digər sakinləri də azarkeşlik etməyə başladılar.
HİK “Kiffen”, HPS və HİFK ilə əzəli rəqibdi. Adını çəkdiyimiz komandaların hamısı Helsinkini təmsil edir. Amma əsas rəqabət HPS ilələdi. Töölann ərazisinin sakinləri HİK-ə, Vallila və Alppila vətəndaşları isə HPS-ə azarkeşlik edir. Töölannlılar özlərini başqalarından üstün saydıqları üçün klublar arasında belə bir rəqabət formalaşıb.
Bir sözlə, Avropa Liqasında “Neftçi”ni çətin sınaq gözləyir. HİK çoxlarının düşündüyü qədər də zəif komanda deyil. Amma Azərbaycanın flaqmanının bu qarşılaşmalardan üzüağ çıxacağına inanırıq.
İLKİN SULTANLI