
İdman
275
30.07.2021, 14:25
"Kiçik tarixin bir parçası olduğuma çox şadam" - Olimpiya mükafatçımız
Bu gün Tokio Yay Olimpiya Oyunlarında bürünc medal qazanan İrina Kindzerska (+78 kq) təəssüratını bölüşüb.
“Football-plus.az” saytının məlumatına görə, 30 yaşlı cüdoçu onun üçün hər şeyin dəyişdiyini deyib:
"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Maksimum hazırlıqlı idim və görüşlərə köklənmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddu. Sadəcə, yalnız işləmək lazımdı. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma baxmayaraq, mənə inandılar. Ən böyük "çox sağ ol"u isə, təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticədən asılı olmayaraq, mənimlə fəxr edirlər".
Onun keçirdiyi görüşlər haqda fikirləri isə belə olub:
"İlk qarşılaşmadan mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Təbii ki, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm".
Həlledici görüşdən sonra ağlayan Kindzerska sözünə belə davam edib:
"Azərbaycanın indiyədək medalı yox idi. Bu, ilk medalımızdı. Fəxr edirəm ki, medal hesabını açdım. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların davamını gətirəcəklər".
Olimpiya mükafatçısı bundan sonra bir müddət sağlamlığı ilə məşğul olacağını deyib:
"Ötən Avropa çempionatından sonra zədələrim var idi. Ona görə də bacardığımdan zəif nəticələr göstərirdim. Dizlərim mənim qazanc və çörəyimdi. Hazırda dizlərimdən başqa heç nəyi düşünmürəm. Avropa çempionatının medalı olimpiya medalı ilə müqayisədə heç nədi. Çox sevinirəm ki, orda məğlub oldum, burda isə bərpa olunaraq medala yiyələndim. Ötən il Olimpiadanın bir il təxirə salındığı açıqlandı. İdmançı üçün daha bir il gözləmək çox ağırdı. Hətta buna görə ağlamışdım. Gücümü necə qoruyacağımı bilmirdim. Olimpiadanın baş tutacağına son ana qədər inanmırdım. Çünki hər dəfə təxirə salınacağı deyilirdi. Kiçik tarixin bir parçası olduğuma çox şadam".