
Fatih Terimin "Qalatasaray" tarixində ilk anti-rekordu
Məlum olduğu kimi ''Qalatasaray'' ÇL-in ikinci təsnifat mərhələsində PSV ilə dueldən məğlub ayrılaraq bu turnirdə mübarizəni dayandırmalı oldu.
İstanbul nəhəngi səfərdəki 1:5 hesablı məğlubiyyətdən sonra ''Fatih Terim'' stadionundakı cavab matçında da 1:2 hesabıyla məğlub oldu. ''Cim-Bom'' artıq mübarizəni AL-in 3-cü təsnifat mərhələsində davam etdirməli olacaq. Burda isə rəqib Şotlandiya təmsilçisi ''Sent-Conston''du. İlk oyun avqustun 5-də İstanbulda, cavab oyunu isə avqustun 12-də Pert şəhərində keçiriləcək.
PSV-nin rəsmi ''tvitter'' səhifəsinin oyundan sonrakı paylaşımı diqqət çəkib. ''Qalatasaray''lıların sosial şəbəkələrdə Eyndhoveni kiçik şəhər, PSV-ni isə kiçik klub adlandırmasına cavab olaraq bu klub ''tvitter''də ''Kiçik şəhər? Böyük nəticə'' paylaşımını edib.
Qeyd edək ki, Türkiyə klubları ardıcıl 13-cü dəfə ÇL-in təsnifat mərhələsi səddini aşa bilmədi. Türkiyə futbolu sonuncu dəfə Avropanın bir nömrəli klub turnirində 2007/08 mövsümündə 2 komanda ilə təmsil olunub. Həmin vaxt ''Fənərbaxça'' ''Anderlext''i, ''Beşiktaş'' isə ''Şerif'' və ''Sürix''i yenərək qrup mərhələsinə vəsiqə qazanmışdı. ÇL-in təsnifatını sonuncu dəfə uğurla keçən Türkiyə klubu 2008/09-da ''Fənərbaxça'' olub. ''Sarı-lacivərdlilər'' həmin vaxt 3-cü təsnifat mərhələsində MTK, pley-offda isə ''Partizan''ı mübarizədən kənarlaşdırmışdılar.
Bundan başqa daha bir diqqət çəkən fakt odu ki, ''Qalatasaray''Fatih Terimin başçılığı altında ilk dəfə ÇL-in təsnifatında mərhələ adlaya bilmədi. Bu mövsümə qədər ''sarı-qırmızılar'' ünlü mütəxəssislə bu turnirin təsnifatında keçirdikləri 8 matçın hamısında (!) qalib gəlmişdilər. Düzdü bu qələbələr Terimli ''Qalatasaray''ın fırtına kimi əsdiyi 1990-ların sonları, 2000-ci illərin əvvəllərinə təsadüf edib. İstanbul nəhəngi ''İmperator''la 1997/98-də ''Syon''u, 1998/99-da ''Qrasshoppers''i, 1999/00-də Vyana ''Rapid''ini, 2003/04-də isə Sofiya ÇSKA-sını hər iki oyunda məğlub edərək 8 qarşılaşmada 8 qələbə qazanmışdı! Amma bu inanılmaz seriya PSV ilə dueldə qırıldı.