Bilindiyi kimi son bir neçə gündə Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları tüğyan edir.
Ölənlər və ciddi xəsarət alanlar var. Türkiyə Futbol Federasiyasının idarə heyəti bunu nəzərə alaraq qarşıdakı mövsümdən etibarən yeni bir layihə həyata keçirmək qərarına gəlib. Bu layihə ''TFF Ormanı'' adlanır. Belə ki, 2021/22 mövsümündən etibarən bütün peşəkar liqalarda sarı vərəqəyə görə 1, qırmızı vərəqəyə görə 5 ağac əkiləcək. Federasiya bu layihə ilə təbiəti qorumağı və zərər görmüş meşələri yenidən yaşıllaşdırmağı planlaşdırır. Layihə Ekologiya nazirliyi tərəfindən qəbul olunduqdan sonra ağacların konkret hansı ərazilərdə əkiləcəyinə qərar veriləcək.
Bundan başqa TFF yeni mövsümdə stadionlara buraxılacaq fanatlar üçün kriteriyaları müəyyənləşdirib. Belə ki, yalnız vaksinasiya olunmuş futbolsevərlər tribunalara buraxılacaq. Vaksinasiya olunmayan və koronavirusa yoluxmayan fanatlar isə matçdan 48 saat öncə mütləq PCR testindən keçməlidi. Koronavirus keçirtmiş, ancaq vaksinasiya tarixi hələ gəlib çatmayan fanatlar da stadionlara daxil ola biləcək.