Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" "Olimpiakos"a məğlub oldu.
Qarşılaşmadan sonra pireylilərin baş məşqçisi Pedro Martins jurnalistlərin suallarını cavablandırdı..
- Ciddi itkilərə baxmayaraq, qələbə qazandız. Bunun qarşısını almaq üçün hansı addımlar atdız?
- Bu gün hər kəs əlindən gələni etdi. Bəzi oyunçularımız daha az təcrübəyə malikdirlər. Ancaq yaxşı oynadılar. Bu, onlar üçün də yaxşı təcrübə oldu. Artıq 3 ildi komanda ilə birgəyik. Bunun müsbət nəticələrini görməkdəyik. Burada da öz bildiyimizi edib, lazım olan nəticəni əldə etdik.
- Komandanız üçün hazırlıq dövrü keçir? Bu oyunlardan hansı nəticələri çıxarıb, mövsümə hazırlaşırsız?
- Çox təcrübəli komandaya qarşı oynadıq. "Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var. Bu, hazırlığımız üçün əla imkan oldu. Çətinliklərimiz var idi. Rəsmi olaraq 2 oyunçu az gəlmişik. Buna baxmayaraq, bacardığımızı göstərdik, öz oyunumuzu keçirdik.
- "Neftçi" sizi nə ilə təəccübləndirdi və rəqibin heyətində hansı oyunçuları fərqləndirə bilərsiz?
- Neftçi" çox keyfiyyətli komandadı. Üst səviyyəyə malik kollektivdi. İlk növbədə kapitanları Emin Mahmudovu qeyd edə bilərəm. Həmçinin Yusuf Laval da hücumda bizə çətin anlar yaşatdı. "Neftçi" hər iki görüşdə bizə kifayət qədər problem oldu. Bununla keyfiyyətli komanda olduğunu göstərdi. Harramiz və Mamadu Kane də yaxşı oyunçulardı. Onların da gücü, bacarığı bizə bəllidi.