İyulun 15-dən Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində son oyununu keçirib.
Masazır klubu “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən, Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunmuş matçda yerli “Saburtalo” klubuyla qarşılaşıb.
Baş məşqçi Ramin Quliyev görüşdə aşağıdakı start heyətə şans verib:
Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov (k), Coşqun Diniyev, Elvin Camalov, Xuan Kamara, Aleksey İsayev, Coy-Lens Mikels, Xulio Rodriqes.
Güclü yağışın müşayiətilə keçirilən matçda hesabı meydan sahibləri açıb. Akaki Şulaya görüşün 41-ci dəqiqəsində penaltidən fərqlənərək, komandasını hesabda önə keçirib. Oyunun 68-ci dəqiqəsində "Sabah" da 11 metrlik cərimə zərbəsi qazansa da, Coy-Lens Mikels dəqiq olmayıb. Onun zərbəsindən sonra top qapı tirinə dəyərək çölə çıxıb. 74-cü dəqiqədə isə gənc Veysəl Rzayev Mixeil Erqemlidzenin ötürməsindən sonra matçda bərabərliyi təmin edən qola imza atıb. Görüş elə bu hesabla da başa çatıb. Qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər seriyasına müraciət edilib. Burda 4:2 hesabıyla üstün olan “Saburtalo” matçdan qalib ayrılıb.
Bu oyunla Tiflisdəki toplanışına yekun vuran komandamız sabah səhər saatlarında Vətənə qayıdacaq.
Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində daha öncə “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşmışdı.