Mənim plagiat-mlagiat ilə məşğul olan yaşım deyil; bəribaşdan etiraf edirəm ki, bu ifadəni indi “Xəzər” TV-də çalışan sabiq “Futbol+”çidən – Sənan Abdullayevdən götürmüşəm.
Həmkarımız Olimpiadanın ilk 4 günündəki çıxışı ilə azərbaycanlı idmansevərlərə ürək ağrısından başqa heç bir hiss yaşatmayan idmançıların çıxışına işarə edir. Bəli, “təcili tibbi yardım rolunu” da bu gün saat 17.00 radələrində Tokioya yollanan güləşçilər oynamalıdı. Bildiyiniz kimi, Azərbaycanı avqustun 1-də start götürəcək güləş yarışlarında Hacı Əliyev, Turan Bayramov, Şərif Şərifov, Rafiq Hüseynov, İslam Abbasov, Mariya Stadnik və Elis Manolova təmsil edəcək. Heç şübhəsiz, onlardan bir neçə meydal gözləyirik. İlk növbədə ona görə ki, güləş həmişəki kimi idmanımızın gözünün bəbəyi, medal ümidi, çörək ağacıdı. İkincisi, elə ilk dörd gündə 17 idmançımız – bəziləri medal ümidimiz idi – mübarizəni dayandırdığından güləşçilər özləri də xalqın gözünün onlarda olduğunu anlayırlar.
Təbii ki, bu amil, yəni bütün ölkənin diqqət mərkəzində olmaq güləş yığmasına iki cür pisoxoloji təsir edə bilər. Ya ümidləri doğruldub medalları sıralayacaqlar, ya da psixoloji təzyiqin altında əzilib yanacaqlar. Ümid edək ki, birinci variant gerçəkləşəcək. “Təcili yardım” artıq xəstə olduğu şübhə doğurmayan Azərbaycan idmanını həyata qaytaracaq!
ORXAN