“Real” David Alabanı transfer edəcəyini hələ 6 ay əvvəl açıqlamışdı.
Avstriyalı futbolçunun universallığı və başqa keyfiyyətləri haqda ən fərqli informasiyaların bolluğuna düşməyimiz təbiidi. Maraqlıdı, Karlo Ançelotti ona hansı mövqedə güvənəcək? Axı avstriyalı həm mərkəz, həm də sol cinah müdafiəçisi və hətta mərkəz yarımmüdafiəçisi kimi də oynaya bilir.
Alabada sonuncu mövqe ilə bağlı keyfiyyəti 7 il əvvəl – Pev Qvardiola “Bavariya”nı çalışdırarkən tapıb. Avstriyalı ona minnətdardı. Çünki məhz bu mütəxəssisin sayəsində meydanda hər şey etməyi öyrənib. Söhbət meydanda rəqibə təzyiq göstərməkdən, gözlənilməz variant kimi hücuma qoşulmaqdan gedir. Devid müxtəlif mövqelərdə vərdişlərini o dərəcədə tətbiq edib ki, artıq dünya futbolçunda ən çox hörmət olunan yardımçı oyunçulardan birinə çevrilib.
Alaba “Real” üçün nəzəri cəhətdən qeyri-adi dərəcədə yaxşı transfer sayıla bilər. O, azad agent bazarında ən çox ehtiyac duyulan fiqurlardan biri idi, müxtəlif Avropa klublarının diqqət mərkəzində idi. Çünki meydanda çox şey - özü də yüksək səviyyədə - etməyi bacarır.
Ona görə nəzəri cəhətdən deyirik ki, ötənlərdəki uğurlar məhsuldarlığa təminat vermir və Eden Azar buna dair parlaq misaldı. Hər halda, Alabanın keçmişinə nəzər salmağa dəyər. O, “Bavariya”nın heyətində 11 mövsüm ərzində 487 oyun keçirib, iki dəfə Çempionlar Liqasının qalibi olub, 11 dəfə Almaniya çempionluğunu, 6 dəfə ölkə kubokunu qazanıb.
David heç vaxt oyunun məsuliyyəti altında əzilməyib. Almaniya bundesliqasında 17 yaşında debüt edib, 19 yaşı olanda – 2012-ci il aprelin 25-də “Santyaqo Bernabeu”da, yəni Çempionlar Liqasının yarımfinal oyununda penalti seriyası zamanı topa birinci yaxınlaşıb. Həmin gün “Real”ın ÇL arzusu Serxio Ramosun şansını boşa verməsi ilə suya düşdü. İndi – 9 il sonra Alaba “Bernabeu”ya qədəm qoyur ki, əfsanəvi Ramosun gedişi üzündən yaranan boşluğu doldursun.
Beləliklə, bilirik ki, Alaba çoxyönlü və artıq yetərincə təcrübəli oyunçudu. Alman futbolunu izləyənlər onu güclü, dinamik, sürətli və möhkəm oyunçu kimi xarakterizə edir. Aydındı ki, avstriyalıda “Real”ın ehtiyac duyduğu bütün keyfiyyətlər var. Bütün bu keyfiyyətlər ona çox lazım olacaq. Axı Madridə çox çətin missiyanı yerinə yetirmək – dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən birini əvəz etmək üçün gəlib.
Bütün yuxarıda sadalanan keyfiyyətlər fonunda Alabada Ramosda gördüyümüz liderlik qabiliyyəti varmı? İş ondadı ki, bugünkü “Real”da həmin qabiliyyətə böyük ehtiyac duyulur. Məsələn, Rafael Varan heç vaxt belə lider olmayıb və çətin ki bundan sonra da ola.
Münhendə bildirirlər ki, Alabanın çoxlu fərdi özəllikləri var. Klubun nüfuzlu nümayəndəsi Karl-Haynts Rummenigge onu “qara Bekkenbauer” adlandıranda məhz bunu nəzərdə tuturdu: “O, Bekkenbauerin dövründən bəri müdafiənin mərkəzindən bütün komandanın idarəçiliyini boynuna götürən ilk futbolçu idi. Bizə müdafiənin mərkəzində məhz belə oyunçu lazım idi. David “Bavariya”nın oyun sxemində böyük və əvəzsiz rol oynayırdı”.
İndi Alabanın qarşısında hədsiz mürəkkəb və məsuliyyətli vəzifə durur. Kapitanın gedişi ilə yaranan boşluğu doldurmalıdı. Hansı mövqedə oynayır-oynasın, lider kimliyini göstərməlidi.