Bildiyim qədəri ilə məşqçilərin işini qiymətləndirmək üçün əsas meyar nəticədi.
Yəni çox-çox zəngin ənənələrə malik, üçqat ölkə çempionu olan bir klub aşağı dəstədə 10 iştirakçı arasında 7-ci yeri tutursa, qeyd-şərtsiz baş məşqçinin bacarığı sorğulanmalı, postunda qalıb-qalmaması müzakirəyə çıxarılmalıdı. Amma “Kəpəz”in nümunəsində nə görürük? Komanda 7-ci olur, gəncəlilər oyundan, nəticələrdən narazılıq edir, baş məşqçi və köməkçiləri – Nadir Şükürov, Vidadi Rzayev və Əli İsmayılov heç nə olmayıbmış kimi yeni müqaviləyə imza atırlar.
Əcəba, belə sərhədsiz etimad limitinin səbəbi nədi? Təbii ki, müxtəlif versiyalar üzərində “gəzişmək” olar. Şahin Diniyev – Mikayıl Nərimanoğlu tandeminin ifasında misilsiz maliyyə fırıldağı aşkarlanandan sonra AFFA-da oturanların gözü qorxub, pulu yenidən tanımadığı-bilmədiyi adama tapşırmaqla yenidən qəzəbə düçar olmaq istəmirlər. İndiki şərtlər daxilində kluba pul yatıran hansısa iş adamı, biznesmen yoxdu, bu üzdən AFFA məhdud maliyyə ilə komandanın, sadəcə, varlığını sürdürməsini istəyir ki, bu mənada təmiz imicə malik Yaşar Vahabzadədən yaxşısı yoxdu. Üçüncüsü, Mehman Allahverdiyevin əzəmətli kölgəsi Gəncə futbolunun üzərindən çəkilməkdədi, zaman-zaman dövriyyəyə buraxdığı “Kəpəz”ə sponsor tapmışam” tipli nağıllara artıq heç kim inanmır. Yəni Vahabzadəyə və korpusuna güvənmək pislər arasından ən yaxşının seçimi anlamına gəlir.
İndi də işin futbol tərəfinə toxunaq. “Kəpəz” hər birinə 900-1000 manat maaş vəd etməklə bir ucdan düşərgəsinə futbolçu yığır. Birvaxtlar Kiyev “Dinamo”sunun maraq dairəsinə düşən Cavid İmamverdiyev indi minimal şərtlərlə Gəncədə oynamağa hazırdı. Təbii, İmamverdiyev qədər iddialı başqaları da var. Şübhə etmirəm ki, Vahabzadə AFFA rəhbərliyinə komandanın əvvəlki mövsümlə müqayisədə daha yüksək yer tutacağını vəd edib. Məsələn, son mövsümdə 7-ci olmuşdularsa, bu dəfə 6-cı yeri tutmaq da uğur sayılacaq. Bu başqa məsələ ki, Vidadi Rzayev kimi həmişə özünə hörmət olunmasına çalışan birisi belə nəticələrə necə dözür və Gəncə publikası önündə hansı dəlillərlə bəraət qazanmağa çalışır? Elə Gəncəyə də toxunaq. Bakıdan görünən mənzərə budu ki, şəhər artıq komandasının varlığına, çıxışına laqeyddi. Tutaq ki, sabah “Kəpəz” uğursuzluqların məntiqi nəticəsi kimi Həvəskarlar Liqasında oynasa belə, bu böyük şəhərdə heç kimin tükü tərpənməyəcək, azarkeşlər etiraz etməyəcəklər. Nə etmək olar? İndiki futbolun reallığı belədi ki, pulu verən kadrı da özü təyin edir. Gəncənin pulu varsa, irəli çıxsın, maksimalist məşqçi gətirsin. Yoxdusa, onda taleyi və hadisələrin axarı ilə barışsın. Kəsəsi, Yaşar yaşar, Gəncə aşar...
ORXAN