...Yox, ağlınıza başqa şey gəlməsin; ölüm-itim yoxdu, sadəcə, ilk iki gündə mübarizəyə qoşulan Azərbaycan idmançılarından 10-u artıq Bakıya dönə bilər. Bir daha günlər üzrə mübarizədən çəkinən və yarışın içində qalan idmançıları xatırladaq.
24 iyul
Boks – Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69) elə ilk görüşdə mübarizəni dayandırıb, Məhəmməd Abdullayev (+91 kq) iyulun 29-da keçiriləcək 1/8 final görüşünə vəsiqə qazanıb.
Cüdo – Kəramət Hüseynov (60 kq) 1/8 finalda, Aişə Qurbanlı (48 kq) elə ilk görüşdə uduzub.
Üzgüçülük – Maksim Şemberev (400 metr, qarışıq üzmə) və Məryəm Şeyxəlizadə Xangah (100 metr, batterflay) növbəti mərhələyə yüksələ bilməyib.
Velosiped idmanı – Elçin Əsədov (şosse) 234 km məsafə qət etməli olsa da, 110-cu km-də yıxılıb.
İdman gimnastikası – İvan Tixonov ayrı-ayrı hərəkətlərin yekununda 45-ci yeri tutduğuna görə final mərhələsindən kənarda qalıb.
Atıcılıq – Ruslan Lunyov 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçmada final mərhələsinə çıxa bilməyib. 25 metr məsafəyə atəşaçmada da çıxış edəcək.
Beləliklə, ilk günün yekununda 8 idmançı mübarizəni dayandırıb, Məhəmməd Abdullayevlə Ruslan Lunyovun medal ümidi davam edir.
25 iyul
Boks – Cavid Çələbiyev (63 kq) 1/16 finalda ukraynalı Yaroslav Hatsizə qalib gəlib, növbəti rəqibi erməni Ovanes Boçkov olacaq.
Cüdo – Orxan Səfərov (66 kq) 1/16 finalda qazaxıstanlı Yerlan Serkjanova uduzub.
Stend atıcılığı – Emin Cəfərov təsnifat mərhələsinin ilk günündə 24-cü olub, mübarizə sabah davam edəcək, ilk 6 yerin sahibi finala vəsiqə qazanacaq.
İdman gimnastikası – Marina Nekrasova 4 hərəkətin cəmundə 68 iştirakçı arasında 55-ci yeri tutub.
Bu gün də Səfərovla Nekrasovanın mübarizəni dayandırması o deməkdi ki, itkimiz 10-a çatdı. Əlbəttə, itkidən itkiyə fərq var. Xüsusən də güləş və cüdo kimi ənənələri zəngin idman növlərində məğlubiyyətlə belə asanlıqla barışmağımız acı təəssüf doğurur. İllər uzunu Azərbaycan cüdosunda ən ciddi rəqabətin yaşandığı çəki dərəcələri 60 və 66 olub. Amma indi – dördilliyin ən böyük yarışında Kəramətlə Orxanın erkən dayanması hansısa cidd problemlərdən xəbər verir. Boksda da vəziyyət ümidverici deyil. Məhəmməd Abdullayev, Cavid Çələbiyev və hələ mübarizəyə qoşulmayan Alfonso Dominges (81 kq) Bakıya heç olmasa, bir medal gətirsə, böyük uğur olacaq.
İlk iki günün statistikası üzərində xüsusi şəkildə dayanmaqla idmanımızın azarkeşlərini bədbin əhval-ruhiyyəyə kökləmək istəmirik. Amma bəlkə də artıq həyəcan təbili çalmağın vaxtıdı.
Yeri gəlmişkən, yarışların 3-cü günündə triatlonçu Rostislav Pevtsov, qılıncoynadan Anna Başta, taekvondoçular Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq), cüdoçu Rüstəm Orucov (73 kq) mübarizəyə qoşulacaq, atıcı Emin Cəfərov isə təsnifatda çıxışını davam etdirəcək.
ORXAN