Bu yay heyətinə bir sıra oyunçular cəlb edən PSJ növbəti yeni transferini açıqlayıb.
Corcinyo Viynaldumun təqdimatı keçirilib. Niderlandlı yarımmüdafiəçi Paris klubu ilə 3 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, mövsümün sonunda “Liverpul”la müqaviləsinin müddəti bitən 30 yaşlı futbolçu PSJ-yə azad agent kimi keçib.
Bu yay heyətini Serxio Ramos, Əşrəf Hakimi və Canluici Donnarumma ilə də gücləndirən Fransa klubu indi istiqaməti böyük ölçüdə Kilian Mbappeyə yönəldib. Rəhbərliyin onunla müqaviləni yeniləmək niyyəti çoxdan bəllidi. Son xəbərlərə görə, 22 yaşlı hücumçuya müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan anlaşma layihəsi təklif olunub. Fransa yığmasının gənc oyunçusu bu təklifi qəbul edəcəyi halda ilə 32 milyon avro maaş alacaq. Bu arada Mbappenin uzun müddətdi klubla yeni müqavilə imzalamamasının səbəbi məlum olub. “Ekip” qəzetinin yazdığına görə, o, daha çox kubok qazanmaq istəyir. PSJ isə dünya çempionuna Çempionlar Liqasının qalibi olmağı da hədəfləyən layihə təqdim etməyib. Buna görə də ambisiyalı futbolçu hazırkı sözləşməsinin müddəti sona çatdıqdan sonra komandadan ayrılmaq istəyir. Onun “Real”ın maraq dairəsində olduğu da çoxlarına məlumdu. Lakin İspaniya nəhəngi mövcud maliyyə şərtləri daxilində Kilianı bu yay sıralarına qatmaq iqtidarında deyil.