“İlk döyüş həmişə ağır keçir. Çünki, rinqə, abu-havaya uyğunlaşma olur. Buna baxmayaraq, bu döyüşün öhdəsindən gəldim və qalib oldum".
"Futbol+"in məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin rəsmi "feysbuk" səhifəsinə açıqlamasında boksçumuz Məhəmməd Abdullayev deyib. İdmançımız qarşıdakı görüşlərdə daha yaxşı nəticələr əldə etmək istədiyini dilə gətirib:
"İlk görüşdə rəqibi tanıyırdım, onunla ilk görüşüm idi. Növbəti rəqibim yarışın ən güclülərindəndi, dünya çempionudu. Əsas rəqib kimi onu görürəm. Çalışacam ki, qarşıdakı mərhələlərdə də daha yaxşı nəticə əldə edim. Məndən əvvəl komanda yoldaşlarım Tayfur Əliyev və Lorenzo Sotomayorun məğlubiyyətləri mənə psixoloji təsir etdi. İstərdim ki, onlar da qalib olsunlar. Belə hər şey normaldı".
Məhəmməd Abdullayev medalsız qalmaq istəmədiyini də bildirdi:
"Lisenziyanı çox çətinliklə, əziyyətli məşqlərlə qazanmışam. Çalışacam ki, vətənə medalsız qayıtmayım".
Xatırladaq ki, boksçumuzun rəqibi özbəkistanlı Bahodir Calolov olacaq. Görüş iyulun 29-da keçiriləcək.