Deyəsən Kristof Qaltye Burak Yılmazı yenə öz klubunda görmək istəyir.
Bilindiyi kimi 55 yaşlı mütəxəssis 2017-ci ildən bu yana ''Lill''i çalışdırırdı. ''İtlər''i dirçəltməyi bacaran məşqçi ötən mövsüm məhz Burakın gəlişindən sonra bu komandayla tarix yazaraq çempion oldu. Bu uğurda ünlü türkiyəli forvard çox böyük rol oynadı. Qaltye ilə əla anlaşan və onun sisteminə dərhal uyğunlaşan Burak Liqa-1-də meydana çıxdığı 28 qarşılaşmada 16 qol, 5 məhsuldar ötürməlik əla performans sərgilədi. Amma komandada maddi problemlər olduğundan Qaltye çempionluqdan bir qədər sonra ayrılaraq ''Nitsa''nın başına keçdi. Fransa mətbuatının yazdığına inansaq, fransalı mütəxəssis Korsika klubunun rəhbərliyindən məhz Burakın transferini tələb edib. 36 yaşlı futbolçunun hələ ki bu məsələyə münasibəti bəlli deyil. ''Lill''də Burakdan başqa Türkiyə yığmasının daha 2 üzvü – Zəki Çəliklə Yusuf Yazıcı da çıxış edir.
''Nitsa'' həm də ona görə hücumçu axtarışındadı ki, Kasper Dolberqin komandanı tərk etmək ehtimalı yüksəkdi. Son AÇ-də öz oyunuyla diqqət çəkən danimarkalı forvarda bir sıra premyer-liqa klubları maraq göstərir.