Ötən həftə bəzi mənbələr Lionel Messinin “Barselona” ilə yeni – 5 illik müqaviləyə ilkin olaraq razılıq verdiyi haqda xəbər yaymışdı. Ancaq məsələ hələ də rəsmiləşməyib.
Prezident Xuan Laporta bu barədə son açıqlamasında belə deyib:
“Messi komandada qalmaq istəyir. Onunla aparılan danışıqlar yaxşı məcrada davam edir. Yeni müqavilənin tezliklə rəsmiləşəcəyinə ümid edirəm. “Maliyyə feyr-pleyi” qaydalarıyla bağlı problem var. Ancaq məsələnin yoluna qoyulacağına əminəm”.
Rəhbərlik argentinalı kapitanla yeni anlaşmanın reallaşması üçün futbolçularından maaşlarının azaldılmasına razı olmalarını istəyib. Bu barədə ESPN məlumat yayıb. Kataloniya klubu artıq Xordi Alba, Serxio Buskets, Serci Roberto ilə bu mövzuda danışıqlar aparıb. Lakin bu futbolçulardan rədd cavabı alıb. Maraq üçün qeyd edək ki, Buskets ilə 16 milyon, Alba 13 milyon, Roberto isə 10,5 milyon avro qazanır.
Bu arada “Barselona” gənc futbolçusu Monçu ilə yolları ayırıb. 21 yaşlı yarımmüdafiəçi “Qranada”ya satılıb. Lakin “Barselona”nın yetirməsi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.