Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə dünya kubokunda mübarizə aparan təmsilçilərimizin sayı birə enib.
Ən çox təəsüf doğuran məqam Şəhriyar Məmmədyarovun da “əyləci basmasıdı”…
Milli komandanın lideri 1/64 finalda Krikor Mexitaryanı (Braziliya) sıradan çıxarsa da, növbəti mərhələdə Hayk Martirosyanla (Ermənistan) bacarmayıb. Nicat Abasov Şant Sarkisyan (Ermənistan) üzərində qələbədən sonra Andrey Yesipenkoya (Rusiya) uduzub. 1/32 finalda Lela Cavaxişvilini (Gürcüstan) üstələyən Gülnar Məmmədovanı isə Elizabet Peyts (Almaniya) dayandırıb. Çətinlik çəkmədən 1/16 finala adlayan Günay Məmmədzadə isə bu mərhələdə Sarasadat Hademalşarehə (İran) yenilib. Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova ilk mərhələdə mübarizəni dayandırmışdı.
Dünya kubokundakı yeganə ümidimiz Vasif Durarbəylidi. Son ölkə çempionatının qalibi 1/64 finalda Aleksandr Predkeni (Rusiya), 1/32 finalda isə David Navaranı (Çexiya) yolundan kənarlaşdırıb. 1/16 finalda rəqib Aniş Girini (Niderland) mübarizədən kanarlaşdıran Nodirbek Abusəttarov (Özbəkistan) olub. Tərəflər arasında dünən baş tutan ilk oyun qara fiqurlarla oynayan şahmatçmımızın qələbəsiylə bitib.