Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Soçi" - "Keşlə" matçından öncə Rusiya klubunun çalışdırıcısı Vladimir Fedotov mətbuat konfransında iştirak edib.
55 yaşlı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib:
"Keşlə" barədə müəyyən məlumatlar toplamışıq. Amma heç bir oyununa baxa bilmədik. Çünki yoxlama matçlarını yerli komandalara qarşı keçiriblər. Bununla belə, hansı üslubda oynadıqlarını bilirik. Həmçinin yeni transferləri barədə məlumatlıyıq. Düşünürəm ki, matçın ilk 10 dəqiqəsi rəqibin oyununu analiz etmək üçün yetərli olacaq. Matça yaxşı hazırlaşmışıq. Sabah azarkeşlərimizə baxımlı oyun göstərmək istəyirik. Avrokuboklarda debüt etməyimizə baxmayaraq, komandada gərginlik yoxdu. Doğru yolda əmin addımlarla irəliləyirik. Qrupa düşmək üçün 3 komandanı keçməliyik. Bu baxımdan bizi sıx qrafik gözləyir. Əsas məqsəd uğurlu startdı. İnanıram ki, hədəfimizə çatacağıq.
Rəqib barədə məlumatımız az olduğundan kimin favorit olduğunu demək çətindi. Amma evdə oynayacağımız üçün üstünlük bizim tərəfimizdə olacaq. Kimin favorit, kimin ikinci olduğunu yaşıl meydan göstərəcək".
Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.