Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Sabah” dünən toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.
“Ağ-göylər” “Zestafoni” təlim-məşq bazasının meydanında baş tutan görüşdə “Şukura”nı (Kobuleti, Gürcüstan) sınağa çəkib. Qarşılaşma Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə nəticələnib.
"Futbol+"in məlumatına görə, görüşdən sonra “Sabah”ın baş məşqçisi Ramin Quliyev klubun rəsmi saytına açıqlama verib:
“Növbəti mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçdik. İyulun 15-dən Tiflisdə təlim-məşq toplanışındayıq. Hazırlığın ilk mərhələsində daha çox oyunçuların fiziki hazırlığının yaxşılaşdırılması istiqamətində çalışdıq. Tiflis toplanışında isə fiziki hazırlıqla yanaşı, taktiki məşqlərə də üstünlük verir və yeni futbolçuları komandanın oyun üslubuna uğunlaşdırmağa çalışırıq. Burda 4 oyun keçirməyi nəzərdə tutmuşuq. Artıq bu oyunlardan biri, “Şukura” ilə matç geridə qaldı. Oyun baxımından xeyli artırmalı olduğumuz komponentlər var. Bundan əlavə, deyə bilərəm ki, hələ komandanın tam formalaşmasını başa vurmamışıq.
Qeyd edim ki, bu toplanışa xeyli gənc futbolçunu da cəlb etmişik. Bu, onlar üçün özlərini yaxşı tərəfdən göstərib, əsas komandanın daimi üzvünə çevrilmək baxımından yaxşı şansdı. Hələ ki, çempionat başlayana qədər vaxtımız var. Bu vaxtdan səmərəli istifadə edib, həm öz oyunumuzu təkmilləşdirməyə, həm də səhvlərimiz üzərində işləməyə davam edəcəyik”.
Qeyd edək ki, “Sabah” Tiflis toplanışı çərçivəsində növbəti oyununu yerli “Samqurali” klubuna qarşı keçirəcək. Matç iyulun 23-də “Zestafoni” təlim-məşq bazasının stadionunda baş tutacaq.