“Çukariçki” klubunun məşqçisi Pavle Delibaşiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt” ilə keçirəcəkləri oyunöncəsi mətbuat konfransında iştirak edib.
Serbiyalı mütəxəssis ilk olaraq azarkeşləri komandaya dəstək olmağa çağırıb:
"Azarkeşlərdən böyük dəstək gözləyirik və ümid edirik ki, tam tribunalar qarşısında üçüncü mərhələyə doğru bir addım ata bilərik. Qrup mərhələsinə də vəsiqə qazanmağa çalışacağıq, ancaq əvvəlcə yalnız "Sumqayıt"la duelləri düşünürük. Komandamızın heyət vəziyyəti əladı, hər mövqe üçün iki oyunçumuzun mübarizə apardığını nəzərə alsaq, şirin problemlə üzləşirik.
UEFA-nın səfər qolunu ləğv etməsi düşünürəm ki, yaxşı bir qərardı, ilk matçda tələsməməyimizə imkan verir, çünki bizi Azərbaycanda cavab görüşü gözləyir.
Təcrübəli və ya gənc, o an hansı komanda yaxşı olsa, meydana da o komanda çıxacaq. Yaş bizim üçün heç bir şey demək deyil, ancaq digər meyarlara diqqət edirik".
Mütəxəssis "Sumqayıt" haqqında məlumat toplamaqda çox çətinlik çəkdiyini etiraf edib:
"Mövcud "Sumqayıt" komandası, xüsusən də son duelləri ilə bağlı material əldə etmək çox çətin idi. Əsasən keçən mövsümdən kadrlar əldə etdik. Ancaq bilirik ki, onlar çox yaxşı və intizamlı bir şəkildə özünü müdafiə edən bir komandadı. Superliqada “Vojdovats”a qalib gəlsək də, rəqibin qırmızı vərəqə almasına üzüldük. Çünki onlar tam heyətlə olanda “Sumqayıt” kimi oynayır və bizim üçün yaxşı məşq idi. Öz oyunumuzu oynaya bilsək, qələbəyə şübhə belə ola bilməz. “Vojdovats”la görüşdə hazırlaşdığımız kimi oynamadıq. Düşünürəm ki, sabah düzgün oyun göstərəcəyik".