Bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
"Futbol+"in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə təmsilçilərimiz "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşib.
2-ci mərhələdə İsrailin "Aşdod" klubuna rəqib olan Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alıb. "Çukariçki" (Serbiya) ilə qarşılaşacaq "Sumqayıt" və "Soçi"nin (Rusiya) rəqibi olan "Keşlə" isə səpələnməmişlər sırasında qərarlaşıb.
1-ci qrupda yer alan “Keşlə” - “Soçi” cütünün qalibi “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün güclüsü ilə qarşılaşacaq. "Keşlə" keçərsə, ilk matçı evdə oynayacaq.
5-ci qrupda səpələnməmiş olan “Çukariçki” – “Sumqayıt” cütünün potensial rəqibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi olub. "Sumqayıt" mərhələ adlayarsa, ilk matçı öz meydanında keçirəcək.
6-cı qrupda yer alan “Qarabağ” - “Aşdod” cütü səpələnib və AEL (Kipr) – “Vlajnia” (Albaniya) cütü ilə düşüb. Ağdam klubu rəqibini mübarizədən kənarlaşdırsa, ilk matçda səfərdə mübarizə aparacaq.
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsi avqustun 5 və 12-də keçiriləcək.