Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
"Futbol+"in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizin turnirdə tək təmsilçisi olan "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib. 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una rəqib olan son ölkə çempionu püşk zamanı səpələnmişlər səbətində yer alıb.
"Neftçi" "Olimpiakos"u keçəcəyi halda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. İlk matç “Olimpiakos” - “Neftçi” cütünün qalibinin meydanında keçiriləcək.
Xatırladaq ki, "Neftçi" "Olimpiakos"la ilk oyunu iyulun 21-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri avqustun 3-4-nə və 10-na planlaşdırılıb.