“Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti mövsümdə də Turin klubunda oynayacaq. Bu haqda “La Gazzetta dello Sport” nəşri xəbər yayıb.
Məlumata görə, portuqaliyalı futbolçu rəhbərliyə müqaviləsinin müddətinin bitəcəyi günə - 2022-ci il iyunun 30-na qədər bütün öhdəliyini yerinə yetirəcəyini bildirib. O, bununla bağlı klub rəhbərliyinə məlumat verib.
Xatırladaq ki, xarici mediada Ronaldonun bu yay “Yuventus”dan ayrılacağı haqda xəbərlər yayılmışdı. Bu arada klub rəsmilərindən Pavel Nedved Ronaldonun başqa komandaya keçəcəyinə dair onlara heç nə söyləmədiyini deyib:
“Ronaldonun ətrafından heç kim bizə onun ayrılmaq istədiyini deməyib, mən onu “Yuventus”da gözləyirəm. İyulun 25-də tətildən qayıtmalıdı”.
“Yuventus”la müqaviləsi iyunun 30-da qüvvədən düşən Corco Kyellininin klubdakı gələcəyi isə qeyri-müəyyən olaraq qalır. “Football Italia” portalının xəbərinə görə, bu barədə İtaliya millisi ilə qitə çempionu olan müdafiəçinin agenti Davide Lippi məlumat verib. O, 36 yaşlı oyunçunun karyerasını başa vurmaq fikrində olmadığını bildirib:
“Müqavilə imzalamaq üçün iki tərəfə ehtiyac var. Corco Avropa çempionatına getdi və diqqətini bu turnirə yönəltdi. “Yuventus”la problemimiz yoxdu, turnirdən dərhal sonra görüşəcəyimizi söyləmişdik. Amma hazırda nə danışıq olub, nə də görüş. Başqa bir klubdan təklif almamışıq. “Yuventus”un danışıqlar üçün tarix təyin etməsini gözləyirik. Kyellini karyerasını başa vurmağı düşünmür. O, uzun illərdi bu klubun rəmzi sayılır. İndiyə qədər heç kim zəng etməyib, amma təkliflər gəlsə, təəccüblənmərəm, çünki o, hazırda İtaliya yığmasında azad agent olan yeganə futbolçudu”.
Yeri gəlmişkən, “Sassuolo”nun yarımmüdafiəçisi Manuel Lokatelli karyerasını “Yuventus”da davam etdirəcək. Bu barədə jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində yazıb. İtaliya millisi ilə Avropa çempionu olan futbolçunun Turin klubu ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə razılığa gəldiyi bildirilib. Lokatelli ötən mövsüm A seriyasında meydana çıxdığı 34 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Turin klubunun qitə çempionu olan daha bir oyunçusu isə “Çelsi”nin hədəfinə düşüb. İngiltərə klubu İtaliya millisinin heyətində əla oyunu ilə seçilən Federiko Kyezanı sıralarına qatmaq istəyir. London təmsilçisi artıq 23 yaşlı hücumçu üçün hərəkətə keçib. Bəzi mənbələrə görə, “Çelsi” Kyezanın transferi üçün icarə əsasında çıxış etdiyi “Yuventus”a 100 milyon avro təklif edib. Lakin İtaliya nəhəngi bu təklifi qəbul etməyib. Qeyd edək ki, “Yuventus” Kezanı ötən il 10 milyon avro əvəzində “Fiorentina”dan icarəyə götürüb. Onun müqaviləsində satın alma şərti də var. Bu şərtə görə “Yuventus” Federikonu 40 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdi. Əlavə edək ki, Kyeza Avropa çempionatında 7 matç keçirib və 2 qol vurub. Onun son mövsümdə turinlilərin sıralarında 43 oyunda meydana çıxaraq 14 qol vurduğunu və 9 məhsuldar ötürmə verdiyini də xatırladaq.