UEFA növbəti illərdə avrokubokların finallarının hansı şəhərlərdə oynanılacağını rəsmən açıqlayıb.
Qarşıdakı mövsümdə Çempionlar Liqasının finalının Sankt-Peterburqda keçiriləcəyi daha öncədən bəlli idi. Amma 2022/23 mövsümündə Avropanın bir nömrəli klub turnirinin həlledici oyunu İstanbula verilib! Bununla da UEFA belə desək, bu şəhərə olan borcunu qaytarıb. Xatırladaq ki, İstanbuldakı ''Atatürk Olimpiya'' stadionu əvvəlcə 2020, sonra 2021-ci ildə ÇL-in finalını qəbul etməli idi. Amma hər iki halda qurum pandemiya üzündən son anda dəyişikliyə gedərək finalı başqa şəhərlərə - uyğun olaraq Lissabon və Portuya vermək məcburiyyətində qalmışdı. Qeyd edək ki, 2023-cü ildə həm Türkiyə Cümhuriyyəti, həm də Türkiyə Futbol Federasiyası 100 illik yubileyini qeyd edəcək. Bundan başqa UEFA-nın 2021/22 və 2022/23 mövsümlərinə həsr olunmuş qala mərasimlər də ardıcıl 2 il İstanbulda keçiriləcək.
Bu tədbirlərdə həm əvvəlki mövsümün hər mövqe üzrə ən yaxşıları seçiləcək, həm də ÇL-in və Konfrans Liqasının qrup mərhələsinin püşkatması baş tutacaq. Əslində daha öncə 2023-ün finalı Münhenə verilmişdi. Amma İstanbul variantı ortaya çıxdığından Münhenə 2025-ci ilin finalı verilib. 2024-də isə final daha öncə açıqlandığı kimi ''Uembli''də baş tutacaq. Bundan başqa AL-in finallarının oynanılacağı şəhərlər də təsdiqlənib. Bu turnirin həlledici oyununa 2022-də Sevilya, 2023-də Budapeşt, 2024-də Dublin və 2025-də Bilbao ev sahibliyi edəcək.