AÇ-2020 artıq tarixə qovuşub.
16-cı qitə birinciliyi İtaliya yığmasının qələbəsi ilə başa çatdı. İlk növbədə onu qeyd edək ki, turnirin baş tutmasına görə UEFA-ya böyük təbrik düşür. Ötən ilin martında koronavirus dünyanı tədricən cənginə alan məqamda nəhəng turniri birilliyə təxirə salan təşkilat onda məlum səbəbdən dayandırılan ölkə çempionatları ilə avrokubokları başa vurmağı zəruri saymışdı. UEFA-nın bu planları nə dərəcədə çətinliklər hesabına həyata keçirdiyi, yəqin ki, futbolla az-çox maraqlanan hər kəsə məlumdu. Məhz düzgün qurulan planların məntiqi nəticəsidi ki, indi ilk dəfə birdən-birə 11 ölkədə keçirilən qitə futbol forumunun yekunlarından danışmaq imkanımız var. AÇ-2020-ni məqamlarla xatırlayacağıq.
Eriksen şoku
Artıq turnirin ikinci oyun günündə hamı ciddi sınaqla qarşılaşdı: Kristian Eriksen Finlandiya ilə oyunun fasiləsi ərəfəsində huşunu itirərək qazona yıxıldı. Danimarkalı yarımmüdafiəçi futbol dünyasına bir neçə dəqiqəlik şok yaşatdı. Xoşbəxtlikdən, hər şey sevindirici sonluqla bitdi. Ürəyində cərrahiyyə əməliyyatı keçirən Kristian hələ ki futbolsuz qalsa da, artıq normal həyata qayıdıb. Ancaq etiraf edək ki, onun düşdüyü vəziyyət hamı üçün qorxunc idi.
Avtoqol və qol bolluğu
Qitə birinciliyində ilk qolun müəllifi Merih Dəmiral oldu. Ancaq türk müdafiəçi İtaliya ilə açılış matçında topu öz qapısına göndərdi və bu “bacarığı” ilə AÇ-2020-nin “özünüqəsd” planında ən zəngin turnirə çevrilməsində ilk payın sahibi oldu. Sonuncu, sayca 11-ci olan avtoqola İngiltərə və Danimarka arasındakı yarımfinal oyununda skandinaviyalıların kapitanı Simon Kyaer imza atdı. Qəribədi ki, əvvəlki 15 qitə birinciliyində ümumilikdə 9 avtoqol qeydə alınmışdı. Bu dəfə isə 11 oyunçu qapını səhv saldı!..
Amma futbolun bəzəyi avtoqol yox, qoldu. Bütün qitəni əhatə edən turnir qol sayına görə də rekordla yadda qaldı. AÇ-2020 51 oyuna 142 qolla (hər oyuna 2,79 qol) tarixin ən məhsuldar qitə çempionatı oldu. Əvvəlki rekord 108 qolun vurulduğu AÇ-2016-da qeydə alınmışdı. Əlbəttə, son iki turnirin daha çox – 24 komandanın iştirakı ilə keçirildiyini də vurğulamalıyıq. Necə deyərlər, oyun sayı artırsa, qolun kəmiyyəti də artmalıdı.
Möcüzəvi 28 iyun
İyunun 28-i hələ uzun müddət xatırlanacaq. Bəlkə də cari əsrdə nəhəng turnirlərdə bir oyun günündə bu dərəcədə parlaq, qollar və hadisələrlə zəngin ikinci tarix olmayacaq: iki oyuna 14 qol, Benzema ilə Poqbanın şedevrləri, Pedrinin ifasında qeyri-adi avtoqol, iki “overtaym”, penalti seriyası, son dünya çempionunun mübarizəni 1/8 finalda dayandırması... Əvvəlcə Xorvatiya İspaniya ilə matçın gedişində 1:3 hesablı geriliyi aradan qaldırdı. Ancaq “damalılar” əlavə vaxtda iki top buraxaraq məğlub oldular. Sonra isə İsveçrə Fransaya qarşı oyunda analoji əzmkarlığı göstərdi və penalti seriyasından qalib çıxmaqla turnirin bir nömrəli favoriti kimi göstərilən “xoruzlar”ı evə yolladı.
45 metrdən vurulan qol
Qol mövzusunu davam etdiririk. Patrik Şik “ən baxımlı qol” nominasiyasında hamını qabaqladı. Çexiya yığmasının hücumçusunun qrup mərhələsinin Şotlandiya ilə oyununda vurduğu qollardan biri “ən baxımlı” sayıldı. Şik Qlazqodakı matçda dubl etməklə komandasına 2:0 hesablı qələbə qazandırdı. Onun 52-ci dəqiqədə qapıya 45,4 metrdən endirdiyi zərbə həm gözəl mənzərə formalaşdırdı, həm də qitə çempionatlarının tarixinə ən uzaq məsafədən vurulan qol kimi düşdü.
Pandevin qu quşu nəğməsi
Qoran Pandev Şimali Makedoniya yığmasında ilk oyununu 2001-ci ildə keçirib. Maraqlıdı ki, AÇ-2020-nin bir sıra iştirakçıları onun debütünə qədər hələ dünyaya gəlməmişdilər. Milli komandanın tarixində ilk böyük turnirində kapitan sarğısını daşıyan Qoran belə yüksək səviyyədə ilk qolun müəllifi oldu. Bu isə artıq təmiz poeziyadı. 37 yaşlı Pandevin Niderlandla matçda milli komanda ilə vidalaşma mərasimi də yadda qaldı: oyundaşlarının beynəlxalq karyerasını başa vuran lider üçün şərəf dəhlizi təşkil etməsi gözəl mənzərə idi.
Löv məğlub getdi
Hələ bir neçə ay əvvəl Hans-Diter Flikin bundestimin baş məşqçisi Yoahim Lövün yerini tutacağı məlum idi. Zaman almanların bu kadr dəyişikliyində hardasa 5 il gecikdiyini göstərdi. Çünki Almaniya yığması Lövün rəhbərliyi altında iştirak etdiyi son iki turnirdə uğursuzluğa düçar oldu: DÇ-2018-də mübarizəni qrupda dayandıran bundestim qitə çempionatının 1/8 finalında İngiltərəyə uduzdu (0:2). Lövün komandası yalnız Portuqaliya ilə oyunda (4:2) güclü təsir bağışladı, qalan oyunlarda isə azarkeşlərinə məyusluq hissləri yaşatdı.
Ronaldonun rekordları
Kriştiano Ronaldo qitə birinciliyinə əla başladı: qrupun Macarıstan, Almaniya və Fransa ilə oyunlarında 5 qol vurdu. Bu qollar onun ən yaxşı bombardir üçün ayrılan mükafata sahib çıxması üçün kifayət etdi. 36 yaşlı hücumçu Portuqaliya yığmasındakı qollarının sayını 109-a çatdıraraq dünya rekordunu təkrarladı: İran yığmasının sabiq hücumçusu Əli Daeinin də hesabında bu qədər qol var. Əlbəttə, səhhəti ilə bağlı ciddi problem yaşamasa, Ronaldonun tezliklə vahid rekordçu olacağına şübhə yoxdu. Kriştianonun 5 qitə çempionatında oynayan ilk futbolçu olduğunu və final turnirlərində hamıdan çox – 13 qol vurduğunu da xüsusi qeyd etməliyik.
Morata: qəhrəman, yoxsa antiqəhrəman?
Ronaldonun “Yuventus”dan olan oyundaşı Alvaro Morata turnirboyu müxtəlif hisslər keçirdi. Onun qitə çempionatındakı yolu yaman enişli-yoxuşlu oldu. İsveçlə ilk matçda gözəl imkanları boşa verdi, sonrakı oyunda Polşanın qapısına yol tapdı, Slovakiyaya qarşı görüşdə penaltini qola çevirə bilmədi. Xorvatiya ilə oyunda yenidən yaxşı təsir bağışladı: əlavə vaxtda qələbə qolunu məhz o vurdu. İtaliya ilə yarımfinal matçı ispan hücumçunun turnirdə keçdiyi yolu xatırlatdı: ikinci hissədə meydana çıxaraq bərabərlik qolunu vurdu, ancaq penalti seriyasında həlledici zərbəni dəqiq yerinə yetirə bilmədi. Ortaya sual çıxır: turnirin gedişində ölkəsində tənqid və təhqirlərə məruz qalan Alvaro qəhrəman, yoxsa antiqəhrəman?..
Benzema əla qayıtdı, amma...
Kərim Benzemanın Fransa yığmasına qayıdışı təkcə ölkəsində deyil, qitədə də müzakirə mövzularından oldu. 2015-ci ildə Matye Valbuenanın şantaj əhvalatında vasitəçilik etdiyindən 6 ilə yaxın milli formaya həsrət qalmışdı. Bu illər ərzində “Real”ın ağ futbolkasında xarüqələr yaradan hücumçu yığmanın mümkün uğurunda da böyük rol oynaya bilərdi. Ancaq özü də bilmədən müxtəlif qarşıduran tərəflərin olduğu bir kollektivə qoşulmuşdu. Kərim öz oyunu ilə ona ikinci dəfə şans verən baş məşqçi Didye Deşamın səhv etmədiyini əyani göstərdi. Almaniyaya vurduğu qol ofsayda görə hesaba alınmasa da, Portuqaliyanın qapıçısını iki dəfə məyus etdi. İsveçrə ilə 1/8 final matçında da dubl etdi. Niderlandlı Dennis Berqkampın ifasında şedevrlərdən birini xatırladan ilk qol daha baxımlı alındı. Benzema uzun müddət yığmada oynamasa da, “üçrənglilər”dən soyumadığını nümayiş etdirdi. Təəssüf ki, komandadakı xaotik ab-hava və bunun səbəb olduğu uğursuzluq vurduğu 4 qolun əhəmiyyətini heçə endirdi.
Cəmi 6 qırmızı vərəqə
AÇ-2020-də 6 oyunçunun meydandan qovulma halına təsadüf olundu. 51 oyun üçün nə azdı, nə də çox. Ümumiyyətlə, hakimlər sarı vərəqəyə əl atmağa çox da meylli deyildilər. Hakimliyin ümumi səviyyəsinin çox yüksək olduğunu qeyd edə bilərik. Əlbəttə, bu işdə referilərin və köməkçilərinin dadına çempionatda ilk dəfə tətbiq olunan VAR sistemi də çatdı. Onların fəaliyyətinin tənqidi üçün yanlış və ya mübahisəli qərarların sayı kifayət qədər az oldu. Yalnız İngiltərə - Danimarka matçının (2:1) əlavə vaxtında ingilis Rahim Sterlinqin cərimə meydançasında yıxılmasının penalti kimi dəyərləndirilməsi ciddi mübahisə və narazılıq doğurdu.
Taktiki yenilik gözə dəymədi
Ümumiyyətlə, Avropa birinciliyində rəqabətin səviyyəsi, demək olar ki, həmişə yüksək olub. Hətta komanda sayının 4-dən 8-ə, 8-dən 16-ya və 16-dan 24-ə qədər artırılması belə bu planda enişə şərait yaratmayıb. Son yarış da yetərincə rəqabətli keçdi. Son Amerika Kubokundan fərqli olaraq, “köhnə dünya”da hansısa ulduz futbolçunun komandasını arxasınca aparmasına təsadüf olunmadı. Təkcə yarımfinalçıların tərkibinə nəzər salsaq, Avropada sırf komanda oyununun ön planda olduğu aşkar göründü. Kollektivizm şəraitində hansısa məşqçinin uğura aparan taktiki yeniliyi isə qabarıq şəkildə gözə dəymədi.
Danimarkalıların yeni macərası
Eriksenin başına gələn hadisə komandasında birliyi daha da möhkəmləndirdi. 1992-ci ildə olduğu kimi. İsveçdə keçirilən qitə çempionatında dünyanı da təəccübləndirən Danimarka yığmasının liderlərindən sayılan Lin Vilfortun qızı leykemiya xəstəliyindən əziyyət çəkirdi. Onda şimallı futbolçular həm də oyundaşının övladıyla bağlı dərdini hardasa unutdurmaq üçün heç kimin ağlına gəlməyəcək macəraya imza atmışdılar: sabiq Yuqoslaviyanın cəzalamasına görə son anda vəsiqə qazandıqları turnirə heç bir hazırlıq keçmədən başlamış və sonda çempion olmuşdular! Skandinaviyalılar az qala bu dəfə də eyni yolu təkrar edəcəkdilər. Qrupdakı ilk iki oyunda məğlub olandan sonra həm pley-offa adlaması, həm də yarımfinala qədər irəliləməsi ilə turnirin rekordlarını reallaşdıran Kasper Hülmannın komandası finala çıxa bilməsə də, özü ilə bağlı çox xoş təəssüratlar oyatdı. 21 yaşlı Mikkel Damsqor isə “Uembli”də cərimə zərbəsi ilə İngiltərə millisinin qapısına yol tapmaqla bu komandanın “quru” seriyasının 726 dəqiqəlik olmasını müəyyən etdi.
Sautqeyt: 25 il əvvəlki kimi…
Qaret Sautqeyt 1996-cı ildə də vətənində keçirilən AÇ-nin Almaniya ilə yarımfinal oyunundan sonrakı penalti seriyasında qapıya yol tapa bilməmişdi. Sabiq müdafiəçi 25 ildən sonra baş məşqçi kimi yığmanı finala çıxarmaqla, belə desək, ingilis millətinə olan borcunu qaytardı. Taleyə bax ki, o, bu dəfə də penalti seriyasında “ilişdi”. Necə? İtaliya ilə oyundan sonrakı “lotereya”da özü topa yaxınlaşmasa da, son üç zərbəni Markus Reşford, Ceydon Sanço və Bukayo Sakanın vurmasını istədi. Bu gənclər isə şansını boşa verməklə məhz çalışdırıcının yanlış qərar verdiyini göstərdilər. Belə məqamda artıq üzərində ikiqat “penalti damğası” olan Sautqeytin bəxtsiz halına acımamaq olmur.
Fərqli İtaliya
Finalda topu qapısında 2-ci dəqiqədə görən İtaliya yığmasının belə startdan sonra özünə tezliklə gələ bilməməsi ingilislərin işinə çox yaraya bilərdi. Lakin ev sahibləri işini böyük ölçüdə elə hesabı açmaqla bitmiş sayaraq təşəbbüsün rəqibə keçməsinə şərait yaratdılar. Tədricən üstünlüyü ələ alan italyanlar qələbəni adalılardan daha çox istədiklərini oyunları ilə sübut etdilər. Bəlkə də, “futbol tanrısı” öz meydanında qorxaq futbol sərgiləməsinə görə ev sahiblərini cəzalandırdı. 53 ildən sonra tarixində ikinci dəfə qitə çempionu olan “skuadra adzurra” titulu çoxlarının gözləmədiyi halda müdafiə yox, hücumameylli oyunla qazandı. Roberto Mançininin komandası hələ qrup mərhələsinin ilk oyunundan başlayaraq baxımlı futbolu ilə seçildi. Onilliklər boyunca tablodakı son hesabı ən gözəl mənzərə hesab edən apenninlilər bu dəfə tam başqa, romantik oyunu ilə yadda qaldılar. Yalnız İspaniya ilə yarımfinal matçında oyun planında rəqibindən geri qalan dördqat dünya çempionu qələbə ehtirası ilə də turnirin bir nömrəli komandası oldu.
Futbol bayramı baş tutdumu?
Gələk əsas məsələyə. Futbol bayramı baş tutdumu? Bu sualı birmənalı şəkildə cavablamaq olmur. Müəyyən mənada müsbət cavab vermək olar. Lap əvvəldə AÇ-2020-nin reallaşmasına görə sıralarında Azərbaycan da olmaqla bütün təşkilatçılara təşəkkür düşdüyünü qeyd etmişdik. Pandemiya şəraitinin davam etməsi fonunda məlum çətinliklərin olacağı aydın idi. Məsələn, əksər stadionların heç 25 faizi də dolmadı. Yalnız Macarıstanın paytaxtı Budapeştdə keçirilən oyunlarda və Londondakı həlledici matçlarda anşlaq yaşandı. Ciddi narazılıq doğuran digər amil isə turnirin qeyri-adi formatda – ilk dəfə 11 ölkədə təşkili ilə bağlı oldu. Bu səbəbdən uzaq məsafələr qət etməsi həm komanda üzvlərində, həm də azarkeşlərdə haqlı narazılıq doğurması təbiidi və belə də gözlənilirdi. Odu ki, UEFA-nın rəhbəri Aleksander Çeferin bir daha belə formata qayıda biləcəklərinə inanmadığını rəsmən bəyan etdi. Ancaq komandaların futbolsevərlərə əsl futbol həyəcanı yaşatmasını nəzərə alaraq, azı bu amilə görə AÇ-2020-nin üstündən qara xətt çəkmək olmaz. Növbəti, Almaniyada keçiriləcək AÇ-2024-ün əsl futbol bayramına çevrilməsi diləyi ilə…
RAMİL YUSİFOV