Mən futbolu, ümumiyyətlə, idmanı siyasətə qarışdırmağın əleyhinəyəm.
İdman sağlam bədənə və sağlam təfəkkürə xidmət edir. Olimpiya Oyunlarının loqosunun bir-birinə sıx bağlı 5 rəngli halqa olması da bunun təzahürüdü. İdman (o cümlədən də futbol) insanları irqindən, milliyyətindən asılı olmayaraq birləşdirməli, sülhə və xoşbəxtliyə xidmət etməlidi. Amma təəssüf ki, bu prinsipləri qorumaq təkcə biz idman jurnalistlərindən, yaxud da sıravi idmançılardan asılı olan məsələ deyil. Bu məsələdə də böyük güclər, “dəmir əllər”, pis niyyətlər özünü göstərir. Dəfələrlə görmüşük ki, idmanı nəinki siyasətə qarışdırır, dartıb siyasətin içinə gətirirlər, ondan alət kimi istifadə edirlər. Bunun qarşısını almaq isə heç də asan deyil. O cümlədən biz də zaman-zaman belə hallardan əziyyət çəkən tərəf olmuşuq.
Yunanıstan futbolunun nəhənglərindən sayılan “Olimpiakos”un “Neftçi”yə Çempionlar Liqasında potensial rəqib olduğunu eşidəndə barmağımı dişləmişdim. Söhbət təkcə rəqibin ad-sanından, güclü olmasından getmir. Bəli, Pirey klubu dəfələrlə Çempionlar Liqasının qrupunda çıxış edib, “köhnə qitə”nin nəhənglərindən sayılır. Bu komandanın böyük azarkeş kütləsi var, özü də onların mütləq əksəriyyətini çılğın fanatlar təşkil edir. Son məlumatlara görə, “Neftçi” ilə görüş boş tribunalar önündə keçiriləcək, stadiona azarkeş buraxılmayacaq. Bunun da səbəbi koronavirus pandemiyasıdı. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik axtarmazlar. Amma razılaşaq ki, bu məqam “Neftçi”nin xeyrinə ola bilər. “Xalq komandası” azarkeş təzyiqi hiss etməyəcək, əlavə problemlə qarşılaşmayacaq. Amma məlum məsələdi ki, “Olimpiakos”un gücü təkcə onun çılğın azarkeşlərində deyil. Bu komanda Yunanıstan çempionu olmağı bacarıbsa, səviyyəsinə şübhə etməyə dəyməz. Bütün bunlar məsələnin futbol tərəfidi və ümid edirəm ki, Samir Abasov “Neftçi”ni bu çətin duellərə hazırlayarkən həmin nüansları nəzərə alacaq.
Az əvvəl qeyd etdiyim kimi, bu qarşılaşmanın futbol tərəfindən başqa bir siyasi tərəfi də var. İstəsək də, istəməsək də, yunanlar “Neftçi”ylə qarşılaşmaya bir futbol qarşılaşmasından daha artıq baxır. Onlar üçün bu görüşün siyasi dəyəri daha böyükdü. Çünki onların bizə olan münasibəti bəllidi. “Neftçi”nin həm 1990-cı illərdə, həm də 9 il əvvəl APOEL-lə qarşılaşmasında yaşananların şahidiyik. “Qəbələ”nin PAOK və “Apollon”la görüşləri də sakit keçməmişdi. Komandalarımızın səfərdə keçirdiyi görüşlərin az qala hamısında bizim və qardaş Türkiyənin bayrağına hücumlar olur, tribunalarda gərginlik yaşanır. Yunanlar bizə olan “sevgisini” gizlədə bilmir. Özü də bu münasibət təkcə bizə deyil. Bir neçə gün əvvəl “Qalatasaray” elə həmin “Olimpiakos”la yoxlama görüşü keçirmək üçün yollandığı Afinada xoşagəlməz münasibətlə üzləşmiş, hava limanında türkiyəli qonaqlara hörmətsizlik edilmişdi. Uzun müddət sərhəd-keçid məntəqəsində gözlədilən “sarı-qırmızılar” sonra geri dönməyə qərar vermiş, iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa xidmət edəcək futbol görüşü ləğv olunmuşdu. Nəzərə almaq lazımdı ki, “Qalatasaray” Afinaya rəsmi yox, yoxlama görüşünə gedirdi. Deməli, “Neftçi”nin bundan da “xoş münasibət” ilə qarşılaşacağına hazır olmalı, bütün detalları nəzərə almalıyıq. Yunanlara əlavə bürokratik əngəllər üçün bəhanə verməmək lazımdı.
Yunanlarla bağlı xoş olmayan xatirələrimin səbəbi təkcə bizim və Türkiyə klublarının başına gətirilənlər deyil. Özüm də bu aqressiv və saymazyana münasibətin şahidi, hətta qurbanı olmuşam. 2016-cı ilin noyabrında “Qarabağ” Avropa Liqasının qrupunda Salonikidə PAOK-la qarşılaşacaqdı. Komandanı Yunanıstana aparan çarter reysində yer çatmadığına görə 12 idman jurnalisti Bakı-İstanbul-Afina-Saloniki marşrutu üzrə səfərə çıxmışdıq. Onlayn formada alınan biletlərin cədvəlinə əsasən Salonikiyə uçmalı olan təyyarənin qapılarının bağlanmasına 1 saat qalmış Afina hava limanında olacaqdıq. Qalan müddət qeydiyyatdan keçib, həmin uçağa əyləşməyimiz üçün yetərli idi. Amma yunanların bizə “xoş sürprizi” varmış. Bilet qeydiyyatını aparan xanımlar soyuqqanlı şəkildə bildirdilər ki, uçuşa iki saat qalmış onlayn “çek in” etmədiyimiz üçün 75 avro cərimə ödəməliyik, əks halda təyyarəyə buraxılmayacağıq. Onlara izah etməyə çalışdıq ki, biz həmin vaxt havadaydıq, İstanbuldan Afinaya uçurduq. Xeyri olmadı. Uzun mübahisədən sonra bizə 900 avro cəriməni ödətdirib, uçuşa 7 dəqiqə qalmış qeydiyyata aldılar. Həmin 7 dəqiqə ərzində özümüzü təyyarəyə güclə çatdırdıq. Xanımlara jurnalist olduğumuzu, futbola getdiyimizi, Afinada gecələmək üçün yerimizin olmadığını desək də, heç bir güzəşt etməyəcəklərini ciddi üz cizgilərinin müşayiəti ilə deyirdilər. Hər dəfə yunanların adı gələndə həmin o sifətləri, Afina hava limanında başımıza gələnləri xatırlayıram. O da yadıma düşür ki, PAOK-u səfərdə 1:0 hesabıyla məğlub edən “Qarabağ” həm bizi sevindirmiş, həm də qisasımızı almışdı. Ümid edirəm ki, uğurumuzun davamını “Neftçi” gətirəcək, yunanların adı gələndə bu qələbəni də xatırlayacağıq.
AMAL