
"Qarabağ"a azı 1 hücumçu və müdafiəçi lazımdı - TƏHLİL
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışını başa vurdu.
“Köhlən atlar” Bolqarıstan ÇSKA-sına 1:0 qalib gəlib, Tula “Arsenal”ına eyni hesabla məğlub olub. Son görüşdə isə Bundesliqa təmsilçisi “Auqsburq"la 2:2 hesablı bərabərlik əldə edib.
Yoxlama görüşləri olsa da, ağdamlıların müdafiəsində boşluqlar hiss olunur. Komanda hazırda tək mərkəz müdafiəçisinin ümidinə qalıb. Sol cinahda daha çox yarımmüdafiədə gördüyümüz Toral Bayramov çıxış edir. Düzdü, Marko Veşoviçin gəlişi bu problemi yoluna qoyacaq. Hər halda, 3-4 aydan sonra Elvin Cəfərquliyev də sıraya dönəcək. Lakin ağdamlılar Konfrans Liqasında uğur qazanmaq istəyirsə, mütləq mərkəz müdafiəçisi transfer etməlidi. Hazırda “Qarabağ”ın yarımmüdafiə xətti çox yaxşıdı. Qara, Filip, Patrik, Xayme “dördlüy”ünə Kadi Borges də əlavə güc qatıb. Hücum xəttində də problem hiss olunur. Şeydayev hələ ki komandaya tam uyğunlaşlmayıb. İlk iki yoxlama görüşündə əsas heyətdə çıxış edən Musa Qurbanlı isə böyük ehtimalla Ramilin əvəzləyicisi olacaq.
Bir sözlə, ağdamlılara azı bir hücumçu və müdafiəçi lazımdı. Ümid edək ki, “köhlən atlar” bu problemi “Aşdod”la oyuna kimi həll edəcək.
İLKİN SULTANLI