UFC prezidenti Dana Uayt Dastin Porye ilə döyüşdə ayağı qırılan Konor Makqreqorun artıq əməliyyat olunduğu xəstəxanadan çıxdığını bildirib.
İrlandiyalının fanatlarına ünvanladığı videomüraciət əsasında 6 həftədən sonra məşqlərə başlayacağı da məlumdu.
UFC-nin iki çəki dərəcəsində sabiq çempionu iyulun 14-də 33 yaşını tamamlayıb. Uaytın dediyinə görə, Konor yalnız bir ildən sonra oktaqona qayıda bilər. Həmçinin prezident Porye ilə Makqreqorun 4-cü dəfə üz-üzə gəlməsinin mümkün olduğunu da deyib. Xatırladaq ki, üç dueldən sonra hesab 2:1 Poryenin xeyrinədi.
Bu arada əsas döyüşü Makqreqor – Porye olan UFC 264 turnirinin pullu yayın satışının sayı açıqlanıb. Şou 1,8 milyon alıcı toplayıb ki, bu da promouşen tarixinin 2-ci göstəricidi. Elə həmin Makqreqorla Xabib Nurmaqomedovun üz-üzə gəldiyi UFC 229 turniri bundan daha çox – 2,4 milyon satış toplamışdı. Maraqlıdı ki, UFC-nin ən çox satılan 5 turnirinin (UFC 202, UFC 229, UFC 246, UFC 257 və UFC 264) hər birində Konor iştirak edib.