Avropa çempionatının finalı nə qədər üstün olsa da, son günlərdə qitə futbolunda bəzi başqa maraqlı hadisələr də yaşanıb.
Belə ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə İspaniya La Liqasının prezidenti Xavyer Tebas atışıb. Bu mübahisə həm də ona görə maraq doğurur ki, Tebas heç vaxt “Siti”ni sevməyib və “maliyyə feyr-pleyi” prinsipini pozduğuna görə bu kluba qoyulan transfer qadağasının götürülməsini qəzəblə qarşılayıb.
Yeni münaqişənin əsasına Pepin müsahibəsi qoyub. Həmkarımız ona Tebas haqda sual verib. Qvardiola cavab verib ki, Xavyer çox şey bilir, sadəcə, öz məhsulunu xaricə sata bilmir. Mütəxəssis Tebasa bunu İngiltərə premyer-liqasından öyrənməyi məsləhət görüb. Tebasın cavabı özünü çox gözlətməyib. O, “Mançester Siti”nin “maliyyə feyr-pleyi” ilə bağlı problemini önə çəkməklə Pepi sancıb:
“Pep, mən hər gün premyer-liqadan öyrənirəm. Sizə futbolun makroiqtisadiyyatını, dövlət klublarının maaşların inflyasiyasına təsirini, demoqrafiyinı, pullu televiziyanın müdaxiləsini, Çini… və CAS-da apellyasiyaları bir qədər öyrətsəydilər, pis olmazdı”.
Qvardiola bundan sonra daha geniş cavab yazmalı olub:
“Əziz Xavyer, İspaniya La Liqası son iki onillikdə dünyaya “Barselona”, “Real”, “Valensiya”, “Atletiko” və başqaları kimi çempionlar təqdim edib. “Sevilya”nın Avropa Liqasını dəfələrlə qazanması, “Vilyarreal”ın son turnirdəki qələbəsi, Luis Araqoneslə Visente del Boskenin İspaniya yığmasındakı titulları da bu sıradadı. Messi və Ronaldo bizim çempionatda elə şeylər ediblər ki, bu həyatda başqa heç yerdə rast gələ bilməyəcəyik. Hamı bizim liqaya heyran olub və hörmət edib... Ancaq problem dövlət klublarındadı. Axı sən dövlət klubları haqda çox şey bilirsən. Ola bilsin, mən makroiqtisadiyyat, demoqrafiya, pullu televiziyanın inkişafı, Çindən investisiyalar mövzusunda bilgili deyiləm. Ancaq məhz bunun üçün sən o postu tutursan. Danış bizə, iki onillik ərzində beynəlxalq arenada dominantlıq etməsinə baxmayaraq, La Liqa nədən İngiltərə premyer-liqasından bu qədər uzaqdadı? Niyə bizə problemlər haqda danışırsan? Axı o problemləri sən həll etməlisən”.
Tebas La Liqanın üstünlüyünü sübut etməyə çalışıb:
“Daxili bazarda abonentlərin sayına görə üçqat böyümüşük, Böyük Britaniyada əhalinin sayı 20 milyon artıqdı. Beynəlxalq səviyyədə isə fərq azalıb. Biz premyer-liqadan geriliyi azaltmaqdayıq, baxmayaraq ki, onlar 30 ildi yayın hüququnu mərkəzləşmiş qaydada satır, biz isə yalnız 7 ildi. Bundan başqa, Böyük Britaniyada İspaniyadakından 20 milyon artıq adam yaşayır. İlbəil böyüyürük. Yalnız son 7 ildə bizim klubların üstünlüyü var. Yaxşı olar ki, son mövsümlərdə milyardlıq itkiyə məruz qalan “City Football Group”a görə narahatlıq keçirəsiz. Onlar sərmayəçi deyil, inflyasiyaya səbəb olan pullarla hər şeyi dağıdırlar. Maliyyə dopinqi olmasaydı, bu qədər titul qazanardızmı...”
Tebas sözlərini belə bitirib:
“Əziz Pep, mövzunu o qədər diqqətlə izləmədiyini gördüyümdən, sənən daha heç bir izahat verməyəcəm”.