Braziliyada keçirilən Amerika Kuboku bukmekerlərin proqnozunun əksinə, meydan sahibinin yox, Argentina yığmasının qələbəsi ilə başa çatdı:

Lionel Skaloninin çalışdırdığı komanda finalda Braziliyanı 1:0 hesabıyla məğlub etdi. Bununla da “albiselesta”nın 28 illik, kapitan Lionel Messinin isə karyerası boyunca aktuallığını davam etdirən titul həsrəti sona çatdı.

O, turnirin ən yaxşı oyunçusudu
Turnirin texniki komitəsinin üzvləri hələ finaldan əvvəl Amerika Kubokunun ən yaxşı oyunçusunu müəyyənləşdirmək qərarına gəlmişdilər: fərdi mükafatlara braziliyalı Neymarla argentinalı Messi layiq bilinmişdi. Hərçənd bir laureatı seçmək üçün həlledici matçın nəticəsini gözləmək lazım idi. Ancaq görünür, komandasının məğlubiyyəti təqdirində Lionelə ikiqat məyusluq yaşada biləcəklərindən çəkinmişdilər – yerli futbol başbilənlərinə 34 yaşlı hücumçunun milli formada çıxışını davam etdirməsi çox vacib idi.
Amma Messi şərikli olsa da, turnirin ən yaxşı oyunçusu adına layiq idi. Argentinanın kapitanı qitə çempionatında həqiqətən əla çıxış etmişdi. Ancaq bu fikir yalnız finala qədər baş tutan oyunlar üçün doğrudu. Çünki Lionel növbəti dəfə yığmanın həlledici matçında ortabab futbolçu təsiri bağışladı. Oyunun sonuna yaxın qalibin kimliyinə şübhə yeri qoymamaq şansı vardı. Lakin Edersonla təkbətək mübarizədə topu sanki qapıçıya hədiyyə etdi. Yuxarıda qeyd etdiyimiz kimi, onu kuboka aparan yolda möhtəşəm çıxış etmişdi. Turnirdə keçirdiyi 7 matçda komandasına 4 qol və 5 məhsuldar ötürmə ilə faydalı oldu. Hər iki göstərici üzrə hamını arxada qoydu. Üstəlik Kolumbiya ilə yarımfinaldan sonrakı penalti seriyasında zərbəsi dəqiq alındı. Həmin matç argentinalılar üçün çətin keçdi. Lionel lazım gələndə emosiyalarını nümayiş etdirdi, rəqib müdafiəçi Yerri Minanı təzyiq qarşısında qoydu, daim hücumlara dəstək verdi, özü qapıya yol tapmağa çalışmaqdan çox oyundaşlarını topla təchiz etdi. Komanda yoldaşları da bu dəfə ona lazımi dəstək verdilər. Lautaro Martines ilə Alexandro Qomes də qapılara yol tapdılar.

Pekində olduğu kimi...
Messiyə əsas milli komandada ilk titul sevincini də çoxdankı oyundaşı daddırdı. Hərçənd Anxel Di Mariya klub səviyyəsində onunla heç vaxt birlikdə oynamayıb. Amma Lionel 2020-ci ildə yarımmüdafiəçinin çıxış etdiyi PSJ-yə can atmışdı. Xatırlayırsızsa, onun meneceri olan atası Xorxe oğlunu “Barselona”dan ayırmaq üçün ciddi cəhdləri ilə yadda qalmışdı. Maraqlıdı ki, Anxelin adı bir ara İspaniya klubu ilə hallanmışdı. Onun 2014-cü ildə dünya çempionatında parladığını, “albiselesta”nın finala vəsiqə qazanmasında mühüm rol oynadığını da xatırlamaq lazımdı. Yeri gəlmişkən, həmin mundial da Braziliyada təşkil olunmuşdu...

Bu dəfə simvolizm kifayət edirdi. Axı “selesao” əvvəllər evdə keçirilən 5 Amerika Kubokunda (1919, 1922, 1949, 1989, 2019) heç vaxt titulu başqasına verməmişdi. Amma bazar günü braziliyalıları sanki 1950-ci ilə geri qaytardılar. Onda yerli KİV və publika mundialın finalından əvvəl futbolçularla məşqçiləri çempionluq münasibətilə təbrik etməyə tələsmişdi. Lakin Uruqvayla start fiti səslənəndən müəyyən müddət sonra Braziliya futbol ictimaiyyəti 1:2 hesablı məğlubiyyətin şokunu uzun illər üzərindən ata bilməmişdi. Di Mariyanın Rio de Janeyrodakı “Marakana” stadionunda De Paulun uzun ötürməsini qəbul edib topu Edersonun başı üzərindən tora qovuşdurması da Braziliyanı ümummilli kədərə boğdu. Bu, Argentinanın əsas komandasının 1993-cü ildən sonra qazandığı ilk titul idi. Ölkənin olimpiya yığmasının sonuncu uğurunu nəzərə alsaq, 2008-ci ildə Pekində baş verənləri də xatırlatmalıyıq. Onda “albiselesta” yarımfinalda Braziliyanı 3:0 hesabı, finalda isə Nigeriyanı Di Mariyanın yeganə qolu ilə məğlub etmişdi.

Finalda 4 məğlubiyyət
Milli formada 2005-ci ildə debüt edən Messi nəhəng turnirlərdə 4 dəfə finalda (bir dəfə dünya çempionatında, üç dəfə isə Amerika Kubokunda) məğlubiyyətin məyusluğunu yaşamışdı. DÇ-2014-də Almaniyaya, ardıcıl iki Amerika Kubokunun finalında isə Çiliyə məğlubiyyətlərdən sonra sosial şəbəkələrdə tənqid və qəzəb dolu on minlərlə şərhlərin çoxu məhz ona yönəlmişdi. Bəziləri hətta “bu cırtdan İspaniya yığmasında oynasaydı, daha yaxşı olardı” fikrini də yazmışdı. Lionel dəfələrlə ağ-mavi formada yanlış hərəkətlərə yol verməkdə ittiham olunmuşdu. Amma bu dəfə pandemiyanın təsiri altında keçən turnirdə kamera atmosferi hökm sürdüyündən tribunaların təzyiqindən söhbət gedə bilməzdi. Çünki təşkilatçılar yalnız finalın az sayda tamaşaçının müşayiəti ilə keçməsinə qərar vermişdilər.

Messi 4 finalda məğlubiyyətin məyusluğunu yaşamışdı. Hər bir oyundan sonra otun üzərində oturub baş verənləri anlamağa və uğursuzluğun ilkin mənfi təsirlərini ötürməyə çalışmışdı. Amma yenicə sona çatan turnirdə Emiliano Martines penalti seriyasında üç zərbəni dəf etdi, De Paul mükəmməl çıxışı ilə “Udineze”dən “Atletiko”ya keçidə layiq olduğunu göstərdi, Skaloni isə məşqçi kimi gördüyü işlərlə artıq gələn il Qətərdə keçiriləcək mundial haqda planlar cızmağa başlayıb.

O, artıq 7-ci “Qızıl top”u qazanıb?
İndi milli komandaların məşqçiləri ilə kapitanlarını Messinin əsas yığma ilə ilk titulunu qazanandan sonra növbəti dəfə “The Best” mükafatına sahib çıxmağa layiq olmadığına inandırmaq çox çətin olacaq. Bu fikri jurnalistlərin söz sahibi olduqları “Qızıl top”la bağlı səsverməyə də şamil etmək olar. AÇ-2020-in qalibi olan İtaliya yığmasının qapıçısı Canluici Donnarumma turnirin ən yaxşı futbolçusu seçilib. Ancaq gənc əlcək sahibinə buna görə böyük ehtimalla daha bir mükafat verilməyəcək. Çempionlar Liqasının son qalibi olan “Çelsi”nin yarımmüdafiəçi Nqolo Kante turnirin həlledici oyunlarındakı çıxışına görə çox təriflənmişdi. Lakin onun formasını daşıdığı Fransa yığması qitə çempionatında uğursuzluğa düçar olandan sonra “bəstəboy”un “Qızıl top”u qazanmaq şansı böyük ölçüdə azalıb. Qısası, bu il “Frans Futbol”un sorğusunda məhz Messi əsas favorit kimi gözə dəyəcək.
Onun əleyhinə olan fakt “Barselona” ilə ötən mövsüm iştirakçısı olduğu bütün turnirləri kuboksuz başa vurmasıdı. Amma ümumi mənzərəyə nəzər salarkən argentinalının bu ilin ilk yarısını kifayət qədər yaxşı keçirdiyini görərik. Hərçənd Robert Levandovski Almaniya çempionatında mövsüm ərzindəki qol sayına görə əfsanəvi Herd Müllerin rekordunu yeniləyib. Amma “Bavariya”nın ÇL-in finalından kənarda qalması polşalı hücumçunun şansını minimuma endirib. Yeri gəlmişkən, ötən il Robertin bəxti gətirmədi: “Frans Futbol” koronavirus pandemiyasını əsas gətirərək ənənəvi sorğusunu keçirməyi lazım bilmədi. Əks halda Levandovskiyə ciddi rəqib olmayacaqdı. Bu il isə Messinin “Qızıl top”u 7-ci dəfə qazanmaq ehtimalı olduqca yüksəkdi.

Onun “qol+ötürmə” üzrə 129 xalı var!
Futbol tarixinin ən dahi argentinalı futbolçusu sayılan Dieqo Maradona milli formada 91 oyuna 34 qol vurub. O, yığmada oyundaşlarına 5 məhsuldar ötürmə verib. “Qol+ötürmə” üzrə ümumi göstəricisi 39-a bərabərdi. Maraq üçün Messidə bu planda göstəricinin 129-a bərabər olduğunu qeyd edək! O, “albiselesta”da 151 oyun keçirib, 76 qol vurub və 53 məhsuldar ötürmə edib. Yəni dahi Maradonanı çox qabaqlayır. Lakin Lionelin üzərində hələ bir damğa da var. O, futbolçu həyatındakı dünya çempionu olmamaq kimi boşluğu da aradan qaldırmağa çalışmalıdı. Əlbəttə, asan olmayacaq. Amma ilk titulunu Braziliyada keçirilən Amerika Kubokunda qazanıbsa, növbəti mundialda niyə də olmasın?! Həm də Qətərin evsahibliyi edəcəyi dünya futbol forumuna çox da qalmayıb: qarşıdakı ilyarımlıq müddətdə Messinin və komandasının azı hazırkı formasını qorumaq ehtimalı kifayət qədər yüksəkdi. Deməli...
***
Yeri gəlmişkən...
Amerika Kubokunun rəmzi komandası açıqlanıb. Ən yaxşı “11-liy”ə çempion Argentinanın 4, Braziliyanın 3, Ekvador, Kolumbiya, Çili və Perunun isə hərəyə 1 futbolçusu layiq bilinib: qapıçı - Emiliano Martines (Argentina); müdafiəçilər - Maurisio İsla (Çili), Kristian Romero (Argentina), Markinyos (Braziliya), Pervis Estupinyan (Ekvador); yarımmüdafiəçilər - Rodriqo De Paul (Argentina), Kazemiro (Braziliya), Yosimar Yotun (Peru); hücumçular - Lionel Messi (Argentina), Neymar (Braziliya), Luis Dias (Kolumbiya).

Son xəbərlər

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Tanınmış türkiyəli forvard 4-cü divizionda oynayacaq

Ayxan Abbasov komandanı Tovuza aparır

Bütün xəbərlər