“Qarabağ”ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlama verib.
30 yaşlı yarımmüdafiəçi Avstriya toplanışını dəyərləndirib və milli komandadan dəvət gözlədiyini söyləyib:
“Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar. Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək. Tam hazır olmaq üçün qısa zamana ehtiyacımız var. Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız “Aşdod” yaxşı komandadı. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır olacağıq.
Dünən eşitdim ki, FİFA mənim Azərbaycan millisində çıxış etməyimə icazə verib. Bu anı gözləyirdim. Uzun müddətdi ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadı. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəm. Baş məşqçi dəvət göndərərsə, yığmanın uğurları üçün həmişə əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşan ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".