Yeni mövsümə hazırlığını federasiyanın bazasında davam etdirən ''Trabzonspor'' dünən 1-ci liqa təmsilçisi ''Ümraniyəspor''la yoxlama matçı keçirib.
Maraqlıdı ki, ilk yarı qolsuz alınsa da, fasilədən sonra qapılara 8 top vurulub! Qaradənizlilərin baş məşqçisi Abdulla Avcı fasilədə bütün heyəti əvəzləyib. O, Jervinyo, Bruno Peres, Koyta kimi yeni transferlərə, eləcə də Nvakaeme və Bakasetas kimi əsas oyunçulara fasilədən sonra şans verib. Komandanın ikinci yarıda dirçəlməsi də məhz bununla bağlıdı. Jervinyo həm baxımlı futbol sərgiləməklə, həm də ilk oyundaca qol vurmaqla yeni klubuna alışdığını göstərdi. Maraqlıdı ki, 27 dəqiqə ərzində əvvəlcə ''Ümraniyəspor'', sonra ''Trabzonspor'', ardından yenə də rəqib komanda hesabda önə keçdi. Amma son sözü son 10 dəqiqədə 3 qol vuran Trabzon təmsilçisi söylədi. Avcı hələ də hazırlıqlara qoşulmayan və komandadan ayrılacağı gözlənilən Ekubanla bağlı oyundan sonra bunları dedi: ''Ekubanın həm diziylə, həm də vergilərlə bağlı problemi var. Ona ayın 18-nə qədər vaxt vermişik. Ondan sonra transferində yenilik olsa, xəbər verəcəyik''. Türkiyə mətbuatının yazdığına inansaq, Ekuban uzun müddətdi ''Sent – Etyen''in maraq dairəsindədi.
"Trabzonspor" – "Ümraniyəspor" 5:3
Koyta, 54. Berat Özdəmir, 61. Bakasetas, 82. Jervinyo, 84. Uqo, 90 – Del Valle, 51. Fuad Bavuk, 74; 79.
Trabzonspor: Muhammed Taha Tepe (Arda Akbulut, 46), Sərkan Asan (Bruno Peres, 46), Hüseyin Türkmən (Edqar Le, 46), Atakan Gündüz (Uqo, 46), Faruk Can Gənc (Trondsen, 46), Abdülkadir Parmak (Berat Özdəmir, 46), Flavio (Yunus Mallı, 46), Tunahan Ərgül (Bakasetas, 46), Yusuf Sarı (Jervinyo, 46), Salih Kavrazlı (Nvakaeme, 46), Koray Kılınc (Koyta, 46).