Yakub Jezniçak Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Polşa "Legiya"sındakı çıxışı barədə danışıb.
“Qarabağ”ın sabiq müdafiəçisi "sportowefakty.wp.pl" saytına müsahibəsində 24 yaşlı forvardın bombardir olmaq üçün yaxşı şansı olduğunu bildirib:
"Düşünürəm ki, "Bodyo Qlimt"lə matç Mahir üçün çox vacib idi. Bu, onun özünəinamını daha da artıracaq. Daha əvvəl yoldaşlıq oyunlarında fərqlənsə də, Çempionlar Liqasındakı qolları daha önəmlidi. Bunun futbolçuya çox köməyi dəyəcək. Onun neçə oyunda meydana çıxacağını, Tomaş Pekqartın komandada qalıb-qalmayacağını bilmirik. Amma Mahir müntəzəm oynasa, ümid edirəm ki, 20-dən çox qol vuracaq. Etiraf edim ki, Mahir bir neçə dəfə mənim fikrimi soruşdu. Təəccüblü deyil, çünki biz iki il birlikdə oynamışıq. Hələ ilk danışığımız zamanı ona "Legiya"ya keçməsini məsləhət gördüm. Dedim ki, bu, çılğın azarkeşləri olan əla klubdu. Onun üçün burada hər şey çox yaxşı olacaq. Bundan başqa, "Legiya"nın da "Qarabağ"ın üslubunda oynadığını bildirdim. Hər iki komanda öz liqalarında dominantlıq edir, hücum futbolu sərgiləyir. Bu isə ön xətt oyunçularına böyük imkanlar yaradır. Mahir effektli oyunçudu".
Jezniçakın sözlərinə görə, futbolçunun dini inancının onun gündəlik həyatına mane olmayacağını qeyd edib:
"Mahirlə çox vaxt keçirmişəm. Mən yalnız futbol meydançasından, klubdan, məşqdən danışmıram. Dinin tələblərinə əməl etsə də, bu, onun gündəlik həyatına, oyununa heç bir formada mane olmur. Hər şey aydındı və bu amil məni narahat etmir. Əmin idim ki, Polşaya uyğunlaşmasında heç bir problem olmayacaq. Onun buradakı ilk həftələri də bunu təsdiqləyir. Marko Vesoviçin xanımı "Legiya"nı reabilitasiya zamanı onun ərinə qarşı kobud rəftarda ittiham etmişdi. Bu məsələ Mahiri bir az qorxutmuşdu. Məndən bu barədə soruşanda yalan olduğunu söylədim".
Emrelini çexiyalı hücumçu Pekqartla müqayisə edən müdafiəçi azərbaycanlı forvardın daha yaxşı olduğunu vurğulayıb:
"Tomaş cərimə meydançasının kralıdı. O, həm baş, həm də ayaqla qol vura bilir. Amma Mahir texnika baxımından ondan daha yaxşıdı. Açığı, mən Emrelini dəstəkləyirəm. Qarşıdakı oyunlarda özünü necə göstərəcəyi maraqlıdı".