İtaliya yığması Avropanın yeni çempionudu. Sadəcə, ona görə ki, penaltiləri ingilislərdən yaxşı yerinə yetirdilər: “skuadra adzurra”dan Belotti və Jorjinyo, rəqibdən isə Reşford, Sanço və Saka imkanı boşa verdi. Və hadisələrin belə axarının ən böyük günahkarı Qaret Sautqeytdi.
İngilislərin baş məşqçisi 119-cu dəqiqədə ikili dəyişikliyə əl atdı – Kayl Uokerlə Cordan Hendersonu meydandan aldı, onların yerinə Markus Reşfordla Ceydon Sançonu buraxdı. Aydın məsələdi ki, bu, son iki dəqiqədə oyunun axarını dəyişmək üçün atılan addım deyildi, penalti seriyasında uğur qazanmağa hesablanmışdı. Bu qərarda məntiq tapmaq olar: Uoker penalti nöqtəsinə sonuncu dəfə uzaq 2013-də - “Tottenhem”də oynayarkən yaxınlaşmışdı, “Siti”də belə şans qazanmamışdı, Henderson isə məhz AÇ ərəfəsindəki yoldaşlıq oyununda penaltini boşa varmişdi, üstəlik DÇ-2018-də Kolumbiya ilə oyunda penalti seriyasında fərqlənə bilməyən yeganə oyunçu idi.
Sautqeytin planı işləmədi. Reşford uzun müddət topun arxasında dayandı, sakitcə sürət yığdı, Donnarumma isə son ana qədər gözləndi. Markus topu dirəyə vurdu. Sançoya gəlincə, topu Donnarummanın istədiyi yerə qapıçıdan sol küncə göndərdi.
MY oyunçularının məsuliyyətsizliyini Belotti ilə Jorjinyonun zərbələrini qaytaran Cordan Pikfordun qəhrəmanlığı unutdurdu. Bundan sonra Sautqeyt səhvə yol verdi: son zərbəni vurmağı Bukayo Sakaya – Avropa çempionatının final oyunlarının ən gənc iştirakçılarından birinə tapşırdı. Burda artıq məntiq tapmaq çətindi: seriyada həlledici zərbə üçün Sakanın seçilməsi çox qəribə addımdı. “Arsenal”ın yarımmüdafiəçisi böyüklər arasında karyerasında bir dəfə də penalti yerinə yetirməyib. Transfermarkt.de saytı iddia edir ki, Bukayo yalnız İngiltərənin gənclər kubokunda və gənclər yığmasının heyətində yoldaşlıq oyunlarına penalti vurub. Heç onda da yüzdəyüz dəqiqliyə nail olmayıb. Üç zərbədən ikisini qola çevirib. Bu seriyada zərbəni Sanço üslubunda vurdu və qapıçı çətinlik çəkmədi.
Boşa verilən penaltidən sonra bütün komanda onu sakitləşdirirdi. Saka isə ağlayırdı. Adamın ümumilikdə meydana çıxandan sonra yaxşı oynayan futbolçuya yazığı gəlirdi.
Sautqeytə ünvanlanası sual çoxdu. Məsələn, həlledici zərbəni vurmaq üçün Sakanı göndərdəndə hansı prinsipə əsaslandı? Axı cəmi ayyarım əvvəl Avropa Liqasının finalında penaltini ideal şəkildə yerinə yetirən Lük Şou da var idi. Və ya Rahim Sterlinq... Hə, onun son vaxtlardakı statistikası ümidverici deyil – son iki mövsümdə 4 penaltidən birini qola çevirib. Amma elə “Uembli”də həlledici – 5-ci penaltini vurmaq təcrübəsi var. 2019-da Kepa ilə dueldən qalib ayrılmaqla “Siti”yə Liqa kubokunu qazandırıb. Yığmanın heyətində daha təcrübəli Qriliş, Stounz və Fillips də var. Hərçənd onlar klublarında nadir hallarda penalti vururlar.
İndi Bukayo bu arzuolunmaz mövzunun mərkəzindədi. Roy Kin çoxlarından daha aydın şəkildə vəziyyəti anladır – düzdü, o, ilk növbədə yeniyetmə futbolçu yox, oyundaşları haqda danışır: