Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” oyunundan əvvəl flaqmanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.
43 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda fikirlərini səsləndirdi:
"Əvvəlcədən deyim ki, sabah bizim üçün önəmli və xoş gündü. Azarkeşlərimizin oyuna buraxılmasına görə sevincliyik. Buna razı olan İdman Nazirliyinə, TƏBİB-ə, AFFA-ya təşəkkür edirəm. Bunu nə rəhbərlik, nə də futbolçular edə biləcək. Bu səbəbdən məsuliyyəti öz üzərimə götürüb, onlara təşəkkür edirəm.
Sabahkı oyun çətin olacaq. Gərginliyi Gürcüstandakı oyundan hiss etmişik. Özününüz bilirsiniz ki, onlarda çempionat davam edir. Rəqib oyunlara bu səbəbdən tam hazırdı. Baxmayaraq ki, biz yaxşı nəticə ilə Gürcüstandan qayıtdıq. Amma oyunumuz nəticə ilə üst-üstə düşmədi. Səfər qolu məsələsi ləğv olunub. Bu da sabahkı oyuna təsir edə bilər. Məhz yeni sistemlə mübarizə aparmağa çalışacağıq. Alınacaqsa, bizim üçün gözəl olacaq".
Abasov daha sonra jurnalistlərin suallarını cavablandırdı...
- "Neftçi"yə nə olub? Antonun gedişi komandaya belə çox təsir edib?- Bütün futbolçuların gedişi komandaya təsir edib. Çünki onu əvəzələyəcək yeni futbolçu lazımdı. Onların adaptasiyası daha çox vaxt olub. "Neftçi"yə nə olub? Sağ və sol müdafiəçilərimiz oyundan qopdular. Harramiz ilk dəfə idi ki, orda oynayırdı. Bu da problemlər yaratdı. Buna rəğmən biz nəticə ilə geri döndük. Bunu heç düşünmürük. Heç sevincimizin çox yaşaya bilmədik. Səhvlərimizi bilirik. Amma sabah oyunumuzu dəyişməliyik
- Sosial şəbəkələrdə hamı soruşur ki, nə oldu transfer?- Bu suala cavab vermək mənim üçün çox çətindi. Transferlərə ehtiyyacımız var. Hər oyundan sonra görürük ki, bəzi mövqelərdə güclənməliyik. Həmin yerlərdə həddən artıq çox oyunçuya ehtiyacımız var. Xüsusən də, Çempionlar Liqası üçün çox mövqelər güclənməlidi. İndiki durum xoş hal deyil.
- Pul yoxdu, yoxsa futbolçular gəlmir?- Pul barədə mən heçnə deyə bilmərəm. Elə oyunçular var ki, onları heyətə cəlb etmək istəyəndə səndən imtina edir. Mən də mediadan izləyirəm ki, bütün klublarımız bu məsələdə əziyyət çəkir. Amma biz daha qətiyyətli olmalıyıq. İstədiyimiz oyunçunu gedib almaq gücündə olmalıyıq. Bu gün bu haqda nəsə demək mənim üçün çox çətindi.
- "Qarabağ" son illər avrokuboklarda qrup mərhələsinə düşmək ənənəsini qoyub. Hazırkı "Neftçi" bu ənənəni davam etdirə bilərmi?- Hazırkı "Neftçi" çox yaxşı vəziyyətdə deyil. Çempionlar Liqası bir röyadı. Ola da bilər. Amma olmamaq ehtimalı yüksəkdir. Avropa Liqası və ya Konfrans Liqası bu mərhələdə atdığımız addımdan asılı olacaq. Bütün bunlar transferlərdən asılıdır.
- Kaxaber Sxadadze iddialı açıqlama verdi. "Neftçi"ni keçmək gücündə olduqlarını söylədi. Bəs sizin həmkarınıza cavabınız nə olardı?- Konkret deyirsən ki, dava edək? (gülür). Cavabı sabah görərik.
- Deyirsiniz ki, gərginlik var. Bunun futbolçulara sirayət etdiyini düşünmürsüz?- Dünənə qədər azarkeş yox idi, amma indi fərqlidi. "Forza"mız gələcək, futbolçuların dostları stadionda olacaq. Mən düşünürəm ki, bu gərginlik yaxşı haldı. Ən azı oyunçular məsuliyyət hiss edirlər.
- Müdafiə xəttində yerdəyişmə etmək fikriniz varmı? Mərt Çəlik sağ cinahda özünü yaxşı göstərə bilmir. Stankoviçi öz mövqeyinə qaytarıb, gənc müdafiəçi mərkəzdə oynayatmaq olar?- Müdafiənin mərkəzi təhlükəli mövqedi. Son Avropa çempionatında İtaliya yığmasını gördüz. O cür təcrübəli oyunçular baş çıxarmaqda çətinlik çəkirlər. Biz əlimizdə olan bütün futbolçuları oynadırıq. Məcburiyyətdən belə oyun tərzindən istifadə edirik.