İyunun 28-dən iyulun 11-dək Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb.
Federasiyanın rəsmi "facebook" səhifəsinin məlumatına görə, yığmamız Avropa çempionatına hazırlıqları iyulun 26-dək paytaxtda davam etdirəcək.
Millimiz hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək baş tutacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.
Yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək.
20 avqust
17:00. Azərbaycan - Belçika
21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
17:00. Rusiya – Azərbaycan
24 avqust
20:00. Azərbaycan - Serbiya
25 avqust
17:00. Fransa – Azərbaycan