İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salır, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.
Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı beynəlxalq dərəcəli hakim, Veteranlar İttifaqının vitse-prezdenti Rüstəm Rəhimovdu.
“Onu necə inandırım ki, xəstələndiyimə görə Soçidə həkimlər mənə banka qoyublar?”
SSRİ dönəmində Soçidə hakimlərin təlim-məşq toplanışı idi. Tofiq Bəhramov da həmişə toplanışın rəhbəri təyin olunurdu. SSRİ-nin elit hakimlərinin həmin toplanışda iştirakı məcburi idi. Bir gün ona “Tofiq müəllim, nə qədər otaqda oturmaq olar? Sən də bir dəniz kənarında qaç, səhərlər gimnastika et. Görürsən ki, Alimov, Kazakov hər səhər qaçır, idman edirlər. Sənin onlardan nəyin əskikdi?” dedim. Kişi sözümə əməl edib ertəsi dəniz kənarında qaçmağa başladı. Səhv etmirəmsə, fevral, ya da mart ayı idi. Həmin aylarda Qara dəniz soyuq olur, sahilində çox az adam gəzir. Tofiq müəllim də sözümü eşidib həmin gün qaçıb. Axşamı bildim ki, bərk soyuqlayıb. Otağına girəndə “sözünə əməl edib sahilə çıxdım və bu da nəticəsi...” söyləyib, əsəbindən üzünü yana çevirdi. Tofiq müəllimin xəstələnməsi mənə pis təsir etmişdi. Həmin axşam həkimləri onun otağına dəvət edib dərdinə çarə tapmalarını xahiş etdik. Həkimlər gəldilər, ağsaqqalın orasını-burasını yoxlayıb “bərk soyuq olub” dedilər. Soyuqlamanı bizdə necə müalicə edirlər? Dədə-baba yolu, banka qoymaqla. Tibb işçilərini birtəhər razı salıb Tofiq müəllimə banka qoydurduq, ondan sonra masaj və mürəbbəli isti çayla təmin etdik. Ertəsi gün Bəhramovu hollda görüb sevindim. Özlüyümdə fikirləşdim ki, ağsaqqal dünənkinə görə mənə təşəkkür edəcək, ayağa qalxdığına görə “çox sağ ol” deyəcək. Bu fikirlə də ona yaxınlaşdım. Məni görüncə, “alə, sözüvə qulaq asdım soyuqladım, bu öz yerində. Həkimlər də məsləhətinlə mənə banka qoyub ayağa qaldırdılar. Elə bilirsən yaxşı iş görmüsən? İndi mən evə qayıdanda evdəkinə nə deyəcəm? Mən onu necə inandırım ki, xəstələndiyimə görə Soçidə həkimlər mənə banka qoyublar?” Biranlıq özümü itirdim, bilmədim Tofiq müəllimə nə deyim? Sakit dayanıb müəyyən fasilədən sonra “Tofiq müəllim, deyərsiz ki, Rüstəm canlı şahiddi” söyləyib, könlünü almağa çalışdım. Üzümə baxıb “elə blirsən hər şey bu qədər asandı” deyib, əlini yelləyərək əsəbi formada yanımdan uzaqlaşdı.
“Sabahınız xeyir, deyəsən, vaxtı da səhv salmısız”
“Neftçi”nin əsas heyətinə yeni cəlb olunmuşdum və komanda Minskdə “Dinamo” ilə qarşılaşırdı. Həmin görüşü biz udduq. Həmin ərəfədə Belarus paytaxtında yeni restoran açılmışdı. Matçdan sonra komandanın əksər üzvləri rəhbərliyin xəbəri olmadan qələbəni qeyd etmək üçün ora yollanmışdılar. Mən, bir də Syomin zədəli olduğumuz üçün mehmanxananı tərk etməmişdik. Köməkçi-məşqşi Valentin Xlıstov idi. Axşam saat 10-dan sonra otaqları gəzib futbolçuların yerlərində olub-olmadığını yoxlayanda məlum olub ki, ikimizdən başqa heç kim yoxdu. Köməkçi-məşqçi vəziyyətin belə olduğunu görəndən sonra otelin inzibatçısından futbolçuların qaldığı otaqların açarlarını alıb və öz nömrəsinə yollanıb. Səhərə yaxın bir də gördüm qaldığım otağın qapısı döyülür. Qapını açanda inzibatçı “Xlıstov səni çağırır” deyib getdi. Əynimi geyinib onun otağına yollandım. Məni görüncə, “harda olsalar, gələcəklər, sən mənim yanımda ol” deyib stulda otuzdurdu. Üstündən yarım saat keçmiş gördüm Xlıstovun otağının qapısı döyülür. Hörmət əlaməti kimi durub qapıya yaxınlaşdım və açanda qarşımda Ağasəlim Mircavadovu gördüm. O da məni görüncə, təəccübləndi, ancaq artıq söz deməyə imkan tapmadı. Çünki Xlıstov artıq yanımda idi. Ağasəlim köməkçi-məşqçini görüncə, “axşamınız xeyir” demişdi ki, Valentin Stepanoviç “sabahınız xeyir, deyəsən, vaxtı da səhv salmısız” söyləyib, bütün komandanın hollda bir araya gəlməsini tapşırdı. Komanda üzvləri geri qayıdanda otelin inzibatçısından açar istəyərkən onlara deyilib ki, açarları köməkçi-məşqçi götürüb. Onlar da öz aralarında Ağasəlimi Xlıstova elçi salmağı məsləhət biliblər. Köməkçi-məşqçi ilə bir yerdə aşağı düşdük, o futbolçuları danladı. Ondan sonra restorana gedənlər açarlarını alıb otaqlarına getdilər. Oyunu udmuşduq deyə, bizə pul cəriməsi kəsilmədi, yalnız şifahi xəbərdarlıqla hər şey yekunlaşdı.
“Həmin zərbəyə reaksiyanın adı…”
Mənim də şərəfini qoruduğum “Neftçi”nin əvəzedici heyəti Rostovda oynayırdı. Qarşılaşma şəhərdən bir qədər uzaqda olan meydanda keçirilirdi. Qapıda da Şexov durmalıydı. Qapıçı meydançası pis durumda olduğundan Şexov qarşılaşmadan əvvəl narazılıq etmişdi. Buna baxmayaraq, məşqçilər korpusu “sən özünü göstərməlisən” deyib, ona güvənmişdilər. Oyun başlayıb. Rostovlular hardan vurular, top qapıya girir. Şexov isə heç bir reaksiya vermir. Matçdan sonra məşqçinin “sən niyə toplara reaksiya vermədin” sualına o “mənim hesabımla o toplar “çərçivə”yə getməməliydi, ancaq meydan pis durumda olduğundan zərbələr qolla nəticələndi” cavabını verdi. Artıq hamımız elə düşünürdük ki, o oyundan sonra Şexovun karyerasına nöqtə qoyulacaq. Növbəti həftə yenə səfərdə oynayırıq. Bu oyunda qokiperimiz elə toplar çıxarır ki, hamımız şokdayıq. Bir epizodda rəqibin yaxın məsafədən “9-luğ”a zərbəsini inanılmaz reaksiya ilə dəf etdi. Və biz səfərdə qalib gəldik. İndi oyundan sonra hamı onu tərifləyir, xüsusilə “9-luğ”a gedən topa reaksiyasını qeyd edirik. Bütün təriflərə sakit yanaşan Şexov birdən qayıtdı ki “həmin zərbəyə reaksiyanın adı mənim evim və maşınım yoxdu. Kirayədə qalıram. Təcili mənə ev verin” deməkdi. Onun sözləri paltardəyişmə otağında olan futbolçuları və funksionerləri xeyli güldürdü. Həmin oyundan az sonra Şexov evlə təmin olundu.
“O anda elə bildim referinin başı bədənindən üzüldü”
Hakimliyə yeni başladığım illər idi. Bir dəfə Gürcüstanda, daha dəqiq desəm, Maxaradzedə ikinci dəstənin oyununu idarə etməliydim. Yerli komanda Ermənistan təmsilçisi “Kotayk”ı qəbul edirdi. Bir il əvvəl bu komandalar arasında baş tutan qarşılaşma dava-dalaşla yekunlaşmışdı. Bu barədə əvvəlcədən Hakimlər Komitəsindən mənə məlumat verilmişdi. Oyunun startından təxminən 3 saat əvvəl yerli polis şöbəsinin rəisi mənə yaxınlaşaraq ordan-burdan söhbət etməyə başladı. Söhbət əsnasında gördüm ki, başıma əl atır, saçımı yoxlayır. Mən onda cavan, bu da yaşlı. Özümü saxlaya bilməyərək ”siz nə edirsiz?” demişdim ki, yazıq bir qədər pərt şəkildə qayıtdı ki, “məni qınama, ötən il bu komandaların oyunu zamanı dava-dalaş düşmüşdü. Oyunun hakimi dalaşanları ayırarkən futbolçulardan biri onu vurdu. Həmin an hakimin başındakı parik yerə düşdü. Mən isə o anda elə bildim referinin başı bədənindən üzüldü. İnan, az qala infarkt keçirmişdim. Ondan sonra bu stadionda keçirilən bütün qarşılaşmalardan əvvəl ilk növbədə hakimlərin başını yoxlayıram ki, görüm saçları özününküdü, yoxsa parikdi?” Onun sözlərindən sonra xeyli güldüm və milis rəisinə “öz saçlarımdı, narahat olma” deyib meydana çıxdım.
“Bəs sən başqa şəhərə getməliydin?”
SSRİ çempionatında hakimlik etdiyim illər idi. Bir gün Moskvadan zəng gəldi ki, “Daşkənddə oyun var, yerli “Paxtakor”la Moskva “Torpedo”su qarşılaşır. Baş hakim Gürcüstandan olmalıydı, ancaq dəyişiklik etməyi lazım bildik. Sən həmin qarşılaşmanı idarə edə bilərsən?” Dedim, “heç bir problem yoxdu, məsləhət bilmisizsə, gedə bilərəm”. Onu da bilirdim ki, həmin matçın hakim-inspektoru Tofiq Bəhramovdu. O da bir az kaprizli adam idi. Bilsəydi ki, məni o görüşə baş hakim təyin ediblər, aləmi bir-birinə qata bilərdi. Bu üzdən ona heç nə demədim. Hakimlər komitəsindən zəng gələn kimi tez o vaxt hava limanında milis rəisi olan dostum Əbili Hüseynova zəng vurdum və Daşkəndə bilet istədim. Düşünürdüm ki, gecə, uzağı ertəsi mənə kömək edər. O da “indicə Xarkov - Bakı - Daşkənd reysi ilə hərəkət edən təyyarə bura enib, tez gəl. Sən çatana kimi təyyarəni ləngidə bilərəm” söylədi. Hava limanına özümü yetirdim, təyyarəyə minəndə gördüm Bəhramov da salondadı. Məni görüncə, “sən hara gedirsən”, - deyə sual etdi. Müəllimim olduğundan bilirdim ki, bilsə ki, onun hakim-inspektor olduğu oyunu idarə edəcəm, çox əsəbləşəcək. Moskvadakıları söyüb-batıracaq. Bu məqamı nəzərə alıb “mənə ikinci liqanın oyununu veriblər, ora gedirəm” dedim. Hava limanında bizi “Paxtakor”un inzibatçısı qarşıladı və otelə apardı. Tofiq müəllim oteldə “bəs sən başqa şəhərə getməliydin? Niyə burda qaldın” sualını verincə, hər şeyi ona danışdım. İndi onu saxlamaq olar? Elə girişdəcə “mən bilirəm, Moskva bizdən birimizi “yandırmaq” istəyir. Ona görə ikimizi bir oyuna salıb. Mənim təyinatım əvvəlcədən bəlli idi, bəs sən niyə huna razılıq verirdin” söyləyib az qala məni döysün. Gördüm ağsaqqal əməlli-başlı əsəbləşib qayıtdım ki, “idarəçiliyim necə olacaq, elə də obyektiv qiymət verərsən. Nə sən “yan”, nə də mən”. “Torpedo”nun qələbəsi ilə başa çatan oyundan sonra hər iki komandanın rəhbərliyi obyektiv idarəçiliyə görə mənə təşəkkür etdi. Bununla da həm Tofiq müəllimi, həm də özümü təsdiq etmiş oldum.
RƏŞAD