Dünən Böyük Britaniyada FIA-nın sabiq prezidenti, mayın 23-də dünyadan köçən Maks Mosli haqda çəkilən sənədli filmin premyerası olub.
Film əvvəlcə bəzi konoteatrlarda nümayiş olunacaq, ardından striminq xidmətlərində də görünəcək. Yetərincə böyük çaplı ekran əsərinin rejissoru, kaliforniyalı sənədli filmlər ustası Maykl Şevloff qarşısına Moslinin uşaq yaşlarından başlayaraq FIA prezidenti postundan getdiyi günə qədər olan bioqrafiyasını tamaşaçıya çatdırmaq hədəfi qoyub. Təbii ki, filmdə spesifik ailə irsi mövzusuna da toxunulub. Axı Maks fəaliyyəti 1940-cı ildə Birləşmiş Krallığın ərazisində yasaqlanan “Britaniya faşistlər ittifaqı”nın yaradıcısı Osvald Moslinin oğlu idi.
Filmin prokat versiyası “Mosley: It’s Complicated” adlanır ki, bunu da “Hər şey çətindi” kimi tərcümə etmək olar. Bu adam həqiqətən mürəkkəb, ancaq maraqlı həyat yaşayıb. Onu Britaniya siyasətində karyera qurmasına imkan verməyən mənşəyinə görə yox, sonradan müasir “Formula-1”in memarlarından olan “March” komandasının yaradıcısı kimi xatırlayacaqlar. Mosli bu layihə üzərində “Formula” dünyasının daha bir əfsanəsi Berni Ekklstoun ilə birgə ardıcıl şəkildə çalışıb.
Tənqidçilərin fikrincə, filmi dəyərli edən məqamlardan biri də 50 ildən artıq müddətdə müxtəlif hadisələrin şahidləri olan adamlar, təbii ki, həm də Molsinin özü ilə müsahibələrə söykənməsidi. Filmdə yetərincə vacib və ciddi məsələlər qaldırılsa da, Şevloff və komandası yetərincə maraqlı nəqletmə kompozisiyası qurub. Odu ki, film dünya avtoidmanının tarixinə biganə olmayan tamaşaçıların xoşuna gələcək.