Bu gecə Amerika Kubokuna yekun vurulacaq.
Braziliya və Argentina arasındakı final matçı Rio de Janeyroda Bakı vaxtı ilə iyulun 10-dan 11-nə keçən gecə keçiriləcək.
Neymar dünən final haqda danışıb. PSJ-nin hücumçusu ölkəsinin mediasına açıqlamasında həlledici matçı səbirsizliklə gözlədiyini bildirib:
“Qələbə qazanmaq üçün hər cür imkanımız var. Yalnız bunu düşünürəm. Həmişə belə bir finalda oynamaq aruzusunda olmuşam. Futbolu sevən hər kəs Braziliya ilə Argnetinanın finalda qarşılaşmasını istəyir. Rəqibin heyətində dünyanın ən yaxşı futbolçularından biri var – Messi. Fikrimcə, onunla finalda qarşılaşmaq karyeramı başa vurandan sonra haqqımda çəkiləcək film üçün əla material olar. Həmişə demişəm ki, Messi böyük oyunçu və əla dostdu. Amma qarşıdakı matçda mənim rəqibim olacaq və mən titul qazanmaq istəyirəm”.
Neymar onu özündən çıxaran məsələləri də vurğulayıb. O, Çili ilə 1/4 final matçında qırmızı vərəqə alan hücumçu Qabriel Jezusa iki oyunluq cəza kəsilməsinə görə “instaqram” hesabı vasitəsilə KONMEBOL-u tənqid edib:
“Belə qərarlar verən adamların əlinə düşmək çox məyusedicidi. Oyunu mükəmməl təhlil ediblər. Onları *** təbrik edirəm”.
Ulduz futbolçunu narazı salan digər məqam bəzi həmyerlilərinin Argentinanın qələbəsini arzulamasıdı. Konkret olaraq jurnalist Fabiola Andrade Lionel Messinin, nəhayət ki, milli komanda ilə titul qazanmağa layiq olduğunu yazıb. Neymarın ona cavabı belə olub:
“Mən qürurlu braziliyalıyam. Həmişə milli komandada oynamağı və azarkeşlərin oxuduqları mahnıları eşitməyi arzulamışam. İdmanda, gözəllik müsabiqəsində və Oskar mərasimində iştirak etməsindən asılı olmayaraq, heç vaxt Braziliyanın əleyhinə çıxmaram. Mən braziliyalıyam. Başqa cür düşünən braziliyalılar da var? Olsun. Qoy, belələri cəhənnəmə vasil olsunlar”.