İngiltərə Rahim Sterlinqə görə təyin olunan şübhəli penalti sayəsində Avropa çempionatının finalına vəsiqə qazandı – hərçənd MS-nin forvardı qayda pozuntusuna məruz qadığını iddia edir.
Saxtakarlıq ittihamı Sterlinqi karyerası boyunca izləyir. Hələ 2017-nin noyabrında oyunun gedşində uduzan, ancaq Sterlinqin qazandığı penalti sayəsində hesabı bərabərləşdirən “Siti” sonda “Arsenal”ı yerə sərdi – 3:1. Hələ onda, yəni 4 il əvvəl Venger simulyasiya faktından dad çəkmişdi:
“Hesab edirəm ki, Sterlinqə qarşı kobudluq yox idi. Hamımız bilirik ki, Rahim özünü yerə yaxşı atır, bunu çox yaxşı bacarır”.
Vengerin gileyi ittiham zəncirinə səbəb oldu: "Sterlinqin simulyasiya cəhdi haqda onun qazandığı və qazana bilmədiyi hər penaltidən sonra danışmağa başladılar. Qvardiola 2018-in mayında onu belə müdafiə etdi: “Rahim istənilən toxunuş anında özünü yerə atanlardan deyil. Bəzən belə olur. Ancaq adamlar bundan belə nəticə çıxarırlar ki, Rahim özünü həmişə yerə atır. O, ümumilikdə təmiz və ədalətli oğlandı”.
DÇ-2018 ərəfəsində Sautqeyt oyunçularına xəbərdarlıq etmişdi ki, simulyasiya cəhdinə əl atmasınlar – baş məşqçi yenicə peyda olan VAR-dan və simulyasiya cəhdinə görə cəzalanmaqdan qorxurdu. Bəs Sterlinq nə etdi? Dünya çempionatının startına lap az qalmış – Nigeriya ilə yoldaşlıq oyununda simulyasiyaya görə sarı vərəqə ilə cəzalandı. Sterlinq onda elə epizodda özünü yerə atdı ki, ayaqüstə qalmaq və topu boş qapıya göndərmək daha asan idi. İngilislərin çalışdırıcı matçdan sonra özündən çıxdı:
“İstəyirəm ki, rəqibin cərimə meydançasında ayaqüstə qalaq, qapıçını aldadaq və topu boş qapıya göndərək. Səhər hamını bir yerə yığdım və izah etdim ki, belə etmək olmaz. VAR-ın işə düşməsi ilə belə fokusların mənası yoxdu”.
Düzdü, Rahimin hoqqalarının faydası da olub. 2018-in noyabrında – “Şaxtyor”la oyunda Sterlinq qonaqların cərimə meydançasına daxil oldu, Nikolay Matviyenko çata bilmədi, ancaq ingiltərəli hücumçu qapıya zərbə vurmaq istəyərkən ayağı qazona ilişdi və yıxıldı. Viktor Kaşşai epizodu penalti kimi dəyərləndirdi – onda hələ Çempionlar Liqasında VAR sistemi işləmirdi. Qvardiola oyundan sonra həmin epizodda penaltinin olmadığını dedi: “Orda fol olmadığını dərhal anladıq. Rahim bunu hakimə deməliydi. Belə yolla qol vurmağımıza şad deyilik”.
Ardından Rahim də üzr istədi:
“Topa zərbə vurmaq istəyirdim, ancaq sonra nə baş verdiyini bilmirəm. Qazona ilişdim və yıxıldım, odu ki, referidən və “Şaxtyor”dan üzr istəyirəm. Bağışlanmağımı xahiş edirəm”.
Ancaq Sterlinqin hoqqası islahatı sürətləndirdi: mifik penaltidən az sonra BBC xəbər verdi ki, artıq 1/8 finaldan etibarən Çempionlar Liqasının oyunlarında VAR sistemi tətbiq oluna bilər. 2018-in dekabrında UEFA da bu xəbəri təsdiqlədi.
Maraqlıdı ki, hələ AÇ-nin qrup mərhələsinin gedişində UEFA Hakimlər Komitəsinin rəhbəri VAR-ı tərifləyir və penaltilərin özəlliyini belə izah edirdi:
“Bu vacib elementdi. Biz “yumşaq” penaltiləri xoşlamırıq, dəqiq penaltiləri fiksə etmək istəyirik. Müdafiəçilərin kobudluqlarını, folları dəqiq görmək istəyirik”.
Rozetti tezislərini möhkəmləndirmək üçün hətta İngiltərə - Şotlandiya oyununun 79-cu dəqiqəsində yaşanan epizodu göstərmişdi. Onda hakim Sterlinqin Endryu Robertsonla təmasından sonra “nöqtə”ni göstərməmişdi. Rozetto bu epizodu penalti təyin etmək baxımından “hədsiz yumşaq” sayıb, Antonio Mateo Laosu tərifləmişdi. Belə görünür, Sterlinqin yeni hoqqası niderlandlı referi Danni Makkelliyə eyni təsiri bağışlamadı...