Dünənki "Dinamo" - "Neftçi" matçında müzakirəyə açıq hakim qərarları da oldu.
Bununla bağlı sabiq FİFA referisi Əfqan Həmzəyevin fikirlərini öyrəndik. O, qərarların əksəriyyətinin doğru olduğunu söylədi:
İsraildən olan hakimlər briqadası matçı yüksək səviyyədə keçirdilər. Referinin 90 dəqiqə ərzindəki hərəkətləri yetərincə nizamlı idi. Xaotik heç nə yox idi. Mövqe seçimi yüksək səviyyədə idi. Demək olar, bütün epizodları görürdü. İkili mübarizələrin çoxunda oyunu saxlamırdı, davamını gözləyirdi. Bu da bir gənc hakim üçün çox böyük üstünlükdü. Fiziki cəhətdən də yetərincə hazırlıqlı idi. Top harda idisə, hakim orda görünürdü. Köməkçiləri ilə əlaqəsi əla idi. Çünki heç bir gecikmə olmadı. Gecikmə deyərkən, məsələn, yan xətt hakimi bayraq qaldırsın, amma referi görməsin və ya gec görsün. Belə xətalar da olmadı. Bütün qərarlar komanda şəklində verildi. Vahid komanda şəklində oyunu idarə etdilər. Buna görə hakimlər briqadasına, sadəcə, alqış düşür. O ki qaldı mübahisəyə açıq qərarlarına, hamısı ilə razılaşıram. Penalti qərarı da doğru idi. Hakimin önü açıq idi, rahat görürdü. Tərəddüd etmədən qərarını verdi. İlk zərbədə qapıçı xətdən irəli çıxmışdı. Bu isə yan xətt hakiminin gözündən qaçmadı və o haqlı olaraq penaltinin yenidən yerinə yetirilməsi üçün baş hakimə işarə verdi. Bu qərar da doğru idi. Biz də gördük ki, qapıçının ayaqları xətdən öndə idi. Buna görə hakimə 0,5 bal əlavə olunacaq. Mən bu oyunun hakim-inspektoru olsaydım, hakimə düşünmədən 8,4 bal verərdim. Bu, ümumiyyətlə, UEFA-da çox yüksək rəqəm sayılır. Niyə 8,4? Çünki hakim gənc olsa da, fiziki hazırlığı, verdiyi qərarlar, qaydalarda hazırlıqlı olması və tətbiqi çox yüksək səviyyədə idi. Hər iki tərəfə eyni yanaşırdı. "Dinamo"nun oyunçusuna hansısa epizodda fol verirdisə, eynisini "Neftçi"yə də edirdi. İkili mübarizələr, hava mübarizələrindəki qərarları doğru idi. Bir-iki qərarı ilə razılaşmamaq olar. Meydanın mərkəzində olan epizodlar var idi. Lakin bunlar oyunun nə sürətinə, nə də gedişinə problem yaratdı".
İSMAYIL XEYRULLAYEV