Fransa yığmasının sabiq hücumçusu Nikolya Anelka bugünlərdə Kilian Mbappeyə məktub yazıb.
Bildiyiniz kimi, PSJ-nin forvardı AÇ-nin İsveçrə ilə oyununda penaltini qola çevirə bilməyəndən sonra ciddi tənqid dalğası ilə üzləşib.
Əziz Kilian!
Sənə demək istəyirəm ki, hər şey ötüb-keçəcək və tezliklə əvvəlki səviyyənə dönəcəksən. Ancaq futbol elə də sadə deyil.
Penalti seriyası qalibi üzə çıxarmaq və oyunu bitirmək üçün yaxşı vasitədi. Xüsusən də komandan qalib gəlibsə. Ancaq uduzubsanda, bu çox sərtdi. Bu, tezliklə unudulacaq, ancaq heç yana yoxa çıxmayacaq çapıqdı. Özünü çox tənha hiss edirsən. Bununla barışmalı və meydanda inadkarcasına çalışmalısan, unutmaq üçün qalib gəlməli, qollar vurmalısan. Ancaq heç vaxt tam unuda bilməyəcəksən. Mən heç vaxt unutmamışam və unutmayacam da.
Bu iş mənim başıma 2008-də Moskvada gəldi. Onda “Çelsi”nin heyətində ÇL-in finalına çıxmışdım. 7-ci penaltimiz idi. Edvin van der Sar topu götürdü və məğlubiyyət mənim adıma yazıldı. Sonrakı iki-üç ay çox çətin idi. Növbəti mövsüm komandanın düşərgəsinə dönmək, oyundaşlarımın gözünə baxmaq qorxunc idi. Yalnız oyunlar və qollar vasitəsi ilə bu sınağı arxada qoydum. Qollar dərmandı, ancaq qısamüddətli. Bu çapır həmişə beyində qalır, onu tam silmək mümkünsüzdü. Həlledici penaltini boşa verdinsə, hamı məğlubiyyətdə səni günahkar sayır. Bəli, bu ədalətsizlikdi. Məhz sənin üzündən Fransanın İsveçrəyə 1/8 finalda uduzmasına görə daim öz-özünə yancaqsan, hərçənd komandada başqa problemlər var idi. Məncə, Fransanın müdafiəsi keçilməz deyildi.
Üç il əvvəl keçirilən dünya çempionatında qəhrəman idin. Ancaq bütün Fransa qəfil bunu unutdu və indi təhqirlər eşitmək lazım gəlir. Bunun normal hal olduğunu düşünmürəm. Bu futbolun sərt üzüdü, ancaq qəbul etməlisən. Çünki futbolun bu üzü adamı həm zirvəyə qaldıra, həm də uçuruma yuvarlaya bilir. Tarazlığı tapmaq asan deyil.
Adamlar, daha təcrübəli oyunçular ilə ünsiyyət sənə yardım edə bilər. Bunsuz tam gözdən itmək mümkündü. Daha təcrübəlilərin fikirlərinə qulaq assan, növbəti dəfə belə vəziyyətə doğru reaksiya verəcəksən.
Yığmanın oyunçuları üçün yaranan fasilələrin mənası odu ki, Fransa yığmasının bir oyunu ilə o biri oyununun arasından 2-3 ay vaxt keçir. Növbəti oyunlar sənin hamıya həm mənəvi, həm də psixoloji cəhətdən nə qədər güclü olduğunu göstərəcək.
Bir dəfə səni çox sevən oğlumla görüşdüm. Səni o qədər yaxşı tanımasam da, oxşar yollarla irəliləmişik: yeniyetmə yaşlarından böyük idman diqqətinin əhatəsinə düşmüşük, Parisin ətraf rayonlarındanıq. Ortaq dostlarımız mənə sənin haqqında danışıb. Güclü, qürurlu, möhkəm olduğunu bilirəm. Sən hələ gəncsən. Hücumçu üçün belə anları arxada qoymaq daha çətindi. Hücumçu meydanda bildiyi kimi yaşayır. Qol vurursansa, yaxşısan, vurmursansa, tənqid dalğası üzərini alır, gizlənməyə yer tapmırsan. Nə qədər pul qazandığını bilən adamlar səndən çox şey gözləyir. Biz maşın yox, adamıq, ancaq qeyri-adi işlər görməli oluruq. Çox pul çox problem deməkdi. Həvəskar futbolçusansa, pul da yoxdu, təzyiq də. Amma peşəkarsansa, işlər yaxşı gedəndə Allah sayılırsan, pus gedəndə hamı səni tənqid edir – bu qayda heç vaxt dəyişməyəcək.
Fransız mentallığı ilə bağlı da problem var. Bilirəm ki, fransızlar daim səni bu haqda düşünməyə, bunu xatırlamağa məcbur edəcək. Mən İngiltərədə olmuşam, orda penaltilərlə bağlı daimi problem yaşasalar da, məndə belə təəssürat yaranıb ki, penaltiləri boşa verməyin futbolun bir hissəsi olduğunu daha asan anlayırlar. Bəzən boşa verirsən, bəzən qol vurursan. Mən daha çox latın mentallığına oxşayan ingilis mentallığına üstünlük verirəm.
Döz. Özünə zaman tanı. Səhifəni çevirməyi öyrənmək faydalıdı. Bu gün dimdik ayaqdayam, amma sabah yerin dibində. Qorxulu heç nə yoxdu.
“Monako”da karyerana əla başladın, PSJ-də yeni səviyyəyə yüksəldin. ÇL-i qazanmağa qadir böyük klubda oynayırsan. Belə görünür, daha bir il Parisdə qalacaq, sonra çətin seçim etməli olacaqsan. Hətta mənlə müqayisədə daha çətin. Minimum ii varantın var: Parisdə qalmaq və “Real”a keçmək. Hər iki klub bu gün ÇL-ə iddialıdı. Mən PSJ-də olanda belə hədəf yox idi.
Fanatlardan və ekspertlərdən tərif eşitmək istəyirsənsə, hansısa məqamda PSJ-dən getmək lazım gələcək. Parisdə nələr etsən də, kimdə daim deyəcək: “PSJ-də əla oynadın, ancaq bura Fransadı. İngiltərə və İspaniya liqaları daha yaxşıdı, ən yaxşı futbolçulara gücünü göstərmədin”.
Qərar verməli olacaqsan. Ronaldo və Messi ilə yanaşı dayanmaq üçün “Qızıl top”a can atırsansa, ən yaxşılarla bir arada olmaq lazım gələcək. PSJ-dəsənsə, demək olmaz ki, daim ən yaxşılarla oynayırsan. Məni düzgün anla, Liqa 1 asan deyil, ancaq düşünürəm ki, ən çətin çempionat İngiltərədədi. Ən yaxşılardan biri olmaq istəyirsənsə, Parisdə etdiklərini et, ancaq “Çelsi”, “Yunayted”, “Arsenal”, MS və ya “Liverpul”da. Ya da “Real”a və ya “Barselona”ya – İspaniyaya get. Ya da bəlkə İtaliyaya. Onda biz daha yüksək rəqabət haqda danışa bilərik.
Kərim Benzemanın yığmaya dönüşündə pis heç nə yoxdu. Onun işləri qaudasında getdi – 4 qol vurdu, ancaq komanda nəyisə əldən verdi. Onu yarım il əvvəl qaytarmaq daha yaxşı olardı ki, komandaya uyğunlaşsın. Bəlkə də ideal oyun qurmaq baxımından bir-birininizi yetərincə yaxşı tanımırdız.
Gələn il Qətərdə dünya çempionatı keçiriləcək, odu ki, yenidən qələbələr qazanmaq üçün Fransa öz səhvləri üzərində işləməlidi. Fransa üç il əvvəl dünya çempionluğunu qazanıb, ancaq hər şey alt-üst oldu. Bu Avropa çempionatı çevrilməli olan səhifədi. Bir çox komanda dünya çempionu olmaq istəyir, ancaq hansısa ölkənin ardıcıl iki DÇ-ni qazanmasına dair nüumunələrin sayı çox deyil. Demək asandı, iş görmək çətin.
Kilian, növbəti addımlarında güclü ol. Uğurlar!