Sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" Tiflisdə "Dinamo" ilə qarşılaşacaq.
Bu gün qarşılaşmadan öncə hər iki klubun baş məşqçilərinin mətbuat konfransı və açıq məşqçi keçirilib. Gürcüstan təmsilçisinin çalışdırıcısı Kaxaber Sxadadzedən sonra "Neftçi"nin çalışdırıcısı Samir Abasov jurnalistlərin önünə çıxıb.
43 yaşlı mütəxəssis qarşılaşma haqda fikirləri:
Ümumiyyətlə, sabahkı oyunun nə qədər gərgin keçəcəyi bizə bəllidi. "Dinamo" tairixi və köklü klubdu. Bunu bir kənara qoyaq. Tiflis təmsilçisi çempionluq uğrunda mübarizə aparır. Yaxşı komanda formalaşdırıblar. Oyun praktikasından əziyyət çəkmirlər. Sabah rəqibin necə oynayacağı bizə bəlli deyil. Amma fiziki cəhətdən hazır olacaqlar. Baş məşqçiləri çox güclüdü. Buna mən özüm də şahid olmuşam. Bir daha deyim ki, sabah bizim üçün çox çətin qarşılaşma olacaq".
"Ağ-qaralar"ın baş məşqçisi daha sonra jurnalistlərin suallarını cavablayıb...
- Yoldaşlıq görüşlərində Stankoviç müdafiənin solunda da çıxış etdi. Mərt Çəlik isə sağda oynadı. Amma 3 yoldaşlıq görüşünün hamısında gənc futbolçu Ömər Buludovla əvəzləndi. Sabah bu praktikadan istifadə edə bilərsiz?
- Heyətlə bağlı hələ danışmağa tələsməyək. Çünki qarşıda bir günümüz var. Bundan əlavə məşqə də çıxacağıq. Deməzdim ki, nələrisə qərarlaşdırmamışam. Amma hələ gözləmək lazımdı.
- Kaxaber Sxadadzenin futbolçusu olmusuz. Onun iş təcrübəsindən faydalanmısız?
- Sırf Kaxanı kopyalayıb işləyirəm, belə deməzdim. Nəinki Kaxaberdən, işlədiyim məşqçilərdən ən yaxşısını çalışmışam götürəm, təcrübəmdə istifadə edim. Bunların içində də Kaxa öndə gedənlərdəndi. Onun məşqçiliyinə hörmətim çoxdu. Burda danışdıqlarımızla meydanda etdiklərimiz düz gəlməyə bilər. Amma inanıram ki, hamısı üst-üstə düşəcək.
- Futbolçu kimi Çempionlar Liqasında oynamısız, bəs məşqçi kimi debüt edəcəksiz. Hansı hissləri yaşayırsız?
- Hisslər möhtəşəmdi. Futbolçularım çox gərgindi, özüm də həyəcanlıyam. Bu cür mötəbər turnirdə məşqçi kimi işləmək fəxrdi.
- Psixoloji gərginlik olduğunu dediniz. Gərginlik özünüzü cilovlamağa mane olmaz ki?
- İnanıram ki, çətin olmayacaq gərginliyi cilovlamaq. Bütün məsuliyyətimizlə oyuna çıxırıq. Haranı təmsil etdiyimizi bilirik. Bir var çempionatda, bir də var belə turnirdə "Neftçi" kimi çıxış edirsən. Rəqib də elə-belə deyil. Məsuliyyət var. Həddən artıq çox istəmək də “yanmağa” səbəb olur. Fikrimizdən keçirməyək bunu, olmasın. Gərgin deyəndə, bütün oyunçuların üzərindəki məsuliyyət nəzərdə tuturam.
- Kaxaber Sxadadze dörd gündən bir oynamalarından narahatdı.
- Hər bir komandanın özünə görə problemləri var. Rəqib oyun çoxluğundan şikayət edirsə, mən oyun azlığından şikayət edərəm. Qoşulan oyunçular komandaya gec qoşuldu. Hər komandanın bu oyuna görə problemləri var. Bunun üzərində dayanmayacağıq. Rəqib üçün o dediyiniz problemdisə, bundan istifadə etməyə çalışacağıq.
- Heyətin komplektləşməsindən bu mərhələ üçün nə dərəcədə razı qaldız? Sizi qayğılandıran məsələlərdənbiri də heyətin tam komplektləşməməsi ola bilər?
- Hələ ki danışıq apardığımız oyunçular var, yollarını gözləyirik. Təəssüf ki, çatdırmadıq. Buna baxmayaraq, əlimizdəki oyunçularla yaxşı hazırlıq keçmişik. Sabah meydanda görəcəyik nə dərəcədə hazırıq. Bu cür turnirlər bir oyundan ibarət deyil, iki oyunun nəticəsinə görə ümumi fikrə gəlmək olar. Mənim üçün də xarakter məsələsi önəmlidi, belə turnirlərdə əsasdı. Xarakteri ortaya qoyub oyunlardan başıuca çıxmalıyıq.
- “Dinamo”da hansı mövqelər zəif və güclüdü?
- Kaxaber Sxadadzeni tanıyıram, tələblərini bilirəm. Zəif cəhətdən danışmaq istəməzdim, kompakt komandaya qarşı oynayacağıq. 120 dəqiqə qaça bilirlər, komanda şəklində oynayırlar. Hər komandanın zəif və güclü tərəfləri var. Burda açıqlamaq istəmirəm. Sabah çalışacağıq ki, zəif tərəflərindən istifadə edək, güclü tərəflərindən istifadə etmələrinə imkan verməyək.
İLKİN SULTANLI, Tiflis