İsveçrənin Cenevrə şəhərində akrobatika üzrə dünya çempionatı keçirilib.
Yarışda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi dueti təmsil edib. Ağasiflə Raziyə ən yaxşı nəticəni temp hərəkətlərində nümayiş etdirərək 7-ci olublar. Murad - Daniel cütlüyü isə qarışıq hərəkətlərdə 9-cu pillədə qərarlaşıblar.
Bu arada tamblinqçilər Mineralnıye Vodı şəhərində təşkil olunan təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak ediblər. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Rusiyaya Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov yollanıb. Təlim-məşq toplanışı iyunun 23-dən iyulun 1-dək davam edib. Sonra “Zvyozdı prıjkov” adlı yarışı keçirilib. Böyüklər arasında Malkin, gənclər yaş qrupunda Hacızadə və Qurbanov ikinci, Karataşov isə üçüncü olub. Əsədullayev, Məmmədov və böyüklər arasında yarışan Əliyev uyğun olaraq 12-ci, 10-cu və 8-ci pillədə qərarlaşıblar.