İyulun 7-də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Tiflisdə “Dinamo”nun qonağı olacaq “Neftçi”nin mövsümlərarası fasilədə cəmi üç transfer reallaşdırmasından xəbərdarsız.
Bir daha xatırladaq ki, “ağ-qaralar” Portuqaliya “Eştoril”indən Harramizi, “Keşlə”dən Sezar Meza Kollini və “Sumqayıt”dan Xəyal Nəcəfovu rənglərinə bağlayıb. Son çempion bu üç futbolçudan ylnız Xəyala görə xərcə düşüb. Son çempion yarımmüdafiəçinin transferi üçün “Sumqayıt”a 100 min manat ödəyəcək. Harramizlə Meza Kolli komandaya azad agent statusu ilə qoşulub.
Dünən əldə etdiyimiz məlumata görə, Samir Abasov daha bir yerli futbolçu üçün klub rəhbərliyinin əlini cibinə atmasını istəyib. Söhbət ötən mövsümü “Qəbələ”də keçirən Rüfət Əhmədovdan gedir. “Qırmızı-qaralar”ın futbol akademiyasının yetirməsi olan Rüfət 2020/21 “futbol ili”ndə adından söz etdirməyi bacaran gənclərdən biridi. 19 yaşı hələ sentyabrda tamam olacaq müdafiəçi həm də U-21-in üzvüdü. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, “Qəbələ” Rüfətin transferi üçün paytaxt təmsilçisindən 200 min manat istəyib. Lakin bakılılar bununla razılaşmayıblar. Tərəflər arasında gedən danışıqlar sonda müsbət yekunlaşıb. “Neftçi” 150 min manat qarşılığında Əhmədovu keçidini həll edib. Mənbəmiz onu da bildirdi ki, hazırda maliyyə çətinliyi ilə üzləşən bölgə təmsilçisi müdafiəçinin satışından əldə olunan vəsaitin bir hissəsini yay toplanışına, bir hissəsini isə komandada qalacaq futbolçuların məvacibinin ödənilməsinə ayıracaq. Ortaya hansısa problem çıxmasa, “Neftçi” bu həftə Rüfətin keçidini ictimaiyyətə açıqlayacaq. Sonda onu da qeyd edək ki, futbolçuların transfer dəyəri üzrə ixtisaslaşan “transfermarkt” portalı Əhmədovun qiymətini 150 min avro göstərib.
RƏŞAD